ELM VƏ TƏHSİL
Almaniyanın Kassel Universiteti və Qaterslaben genbankının əməkdaşı AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda
Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, görüşdə elmi əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
K. Hammer institutda keçirilən seminarda aqrobiomüxtəlifliyin qorunması, saxlanılması və genetik identifikasiyası ilə bağlı məruzə edib və müvafiq elm sahəsi üzrə Almaniya və Türkiyədə çalışmış məşhur azərbaycanlı professor Mirzə Gökgöl barədə məlumat verib, onun elmi nailiyyətlərindən danışıb.
Mirzə Gökgölün müəllifi olduğu “Buğdanın növ müxtəlifliklərinin siyahısı” və digər əsərləri haqqında məlumat diqqətə çatdırılıb.
Sonra M. Gökgöl barədə kitab yazılması və onun müəllifi olduğu əsərlərin Azərbaycan dilinə tərcümə edilməsi müzakirə olunub.
Qonaq M. Gökgöl ilə bağlı məlumatların toplanılmasında xüsusi əməyi olan AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun dənli taxıl və paxlalı bitkilər şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nərgiz Gəraybəyovanın fəaliyyətini yüksək dəyərləndirib.
K. Hammer Milli genbank və digər şöbələrlə yaxından tanış olub, genetik ehtiyatların toplanması üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qonaq institut alimlərinin “Genetik ehtiyatlar və bitki təkamülü” jurnalına daha çox məqalələr təqdim etmələrini tövsiyə edib.