İQTİSADİYYAT
Almaniyanın “TAUBER” şirkəti Azərbaycanda yol tikintisində iştirak edir
Bakı, 27 yanvar, AZƏRTAC
Almaniyanın “TAUBER” şirkəti artıq bir neçə ildir ki, Azərbaycanda yol tikintisi ilə bağlı layihələrdə iştirak edir.
Bunu AZƏRTAC-a Bakıda “Yol infrastrukturu, tikintisi və yenidən qurulmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi” mövzusunda keçirilən konfransda iştirak edən şirkətin nümayəndəsi Maks Brokşmidt bildirib.
Almaniyalı mütəxəssis, təmsilçisi olduğu qurumun Azərbaycanın tanınmış şirkətləri - “Azəryolservis” ASC, “Akkord”, “Gilan Holdinq”, “Azərsu” ASC , “Paşa İnşaat”la əməkdaşlıq etdiyini söyləyib. “Biz onların yol tikintisi ilə bağlı layihələrinin icrasında iştirak edirik, həmçinin Azərbaycana xaricdən yüksək texnologiyalı avadanlıqlar gətiririk. İşləri vaxtında və keyfiyyətlə görmək “TAUBER” şirkətinin əsas prinsiplərindən biridir”,- deyib M.Brokşmidt.
Hazırda “Paşa İnşaat”la bir layihə üzərində çalışdıqlarını söyləyən müsahibimin sözlərinə görə, Azərbaycanda inşaat sahəsində çalışan xarici şirkətlərin çoxluğu ciddi rəqabət yaradır və bu şəraitdə işləmək üçün şirkətin əməkdaşları bütün imkanlardan istifadə edirlər.