SİYASƏT
Almaniyanın Tangerhütte şəhərində Xocalı abidəsinin ucaldılması təklif olunub
Bakı, 23 avqust, AZƏRTAC
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev Tangerhütte şəhər rəhbərliyinin binasında keçirilən yerli deputatların toplantısında iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhərin və əyalətin problemlərinə həsr olunmuş iclasda çıxış edən Yaşar Niftəliyev Azərbaycan həqiqətləri – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Cəmiyyət sədri daha sonra Tangerhütte şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması təklifini irəli sürüb. Şəhər rəhbərliyi və parlament üzvləri Xocalı soyqırımına abidə qoyulması məsələsinin növbəti toplantılarda geniş müzakirə edəcəyini bildiriblər.
İclasın sonunda cəmiyyət sədri Azərbaycan həqiqətlərinə həsr olunmuş materialları, o cümlədən alman yazıçı-publisisti Yohannes Raunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yazdığı kitabı iştirakçılara təqdim edib.