DÜNYA


Almaniyanın işgüzar dairələri Donald Trampın qələbə qazanmasından ehtiyat edirlər

A+ A

Berlin, 22 iyul, AZƏRTAC

Almaniyanın iqtisadi və siyasi elitası indi artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə rəsmi namizəd olmuş Donald Trampa kəskin mənfi münasibət bəsləyir. Bunu Allensbax İctimai Rəyi Öyrənmə İnstitutunun iri şirkət direktorları, habelə federal və əyalət nazirlik və idarə rəhbərləri arasında apardığı sorğu da təsdiq edir. Rəyi soruşulanların 76 faizi hesab edir ki, Donald Tramp seçiləcəyi təqdirdə Almaniya–ABŞ münasibətlərinə ziyan dəyəcək.

“DW” agentliyinin verdiyi xəbərə görə, hələlik sosioloji sorğuların çoxu göstərir ki, ABŞ-ın növbəti prezidenti Donald Tramp deyil, Hillari Klinton olacaq. Hər halda sosioloqlar Böyük Britaniyanın Aİ-dən çıxması haqqında referendumdan əvvəl də Avropa İttifaqı tərəfdarlarının qalib gələcəyini proqnozlaşdırmışdılar, amma onlar uduzmuşdular. “Brexit” qərarı Almaniyanın işgüzar dairələrini şok vəziyyətinə saldı. İndi onlar ehtiyat edirlər ki, bir neçə ay sonra onları növbəti şok - Trampın qələbəsi gözləyir.

Münxendə yerləşən “BayernLB” Bankının iqtisadçısı Kristina fon Berq “FAZ” qəzetinə müsahibəsində deyib: “Trampın iqtisadi siyasət sahəsində planları ABŞ-dakı konyunkturanı xeyli zəiflədə bilər”. Bu isə Almaniya biznesinə ciddi zərbə vura bilər. Əvvələn, Amerika iqtisadiyyatı dünyanın ən iri iqtisadiyyatıdır və dünya iqtisadiyyatının artım sürəti xeyli dərəcədə ondan asılıdır.

İkincisi, Birləşmiş Ştatlar 2015-ci ildən Almaniyanın ixrac yönümlü iqtisadiyyatı üçün ən mühüm satış bazarıdır. Ötən il Almaniya müəssisələri bu ölkəyə 114 milyard avroluq məhsul satıblar. Amerikalılar isə ötən il Almaniya bazarında 59 milyard avroluqdan çox mal sataraq, əhəmiyyətinə görə çinlilər, hollandiyalılar və fransalılardan sonra dördüncü xarici təchizatçı olublar.

Populist milyarderin seçkiqabağı çıxışlarından qırmızı xətt kimi keçən izolyasionist və proteksionist ideyalar Almaniya biznesini daha çox narahat edir. D.Tramp öz çıxışlarında dəfələrlə bəyan edib ki, Amerika bazarını bu və ya digər formada Çin məhsulu üçün bağlamaq niyyətindədir. Bu isə ABŞ ilə Çin arasında irimiqyaslı ticari müharibə ilə nəticələnə bilər ki, heç şübhəsiz, bundan da Almaniya zərər çəkəcək. Çünki ÇXR Almaniyanın çox mühüm ticari tərəfdaşı və əhəmiyyətinə görə beşinci satış bazarıdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.