DÜNYA


Almanlar cavabın yarım addımlığında onun üzərində baş sındırırlar

Berlin, 19 aprel, AZƏRTAC

Almaniya siyasətçiləri və şərhçiləri ölkənin hakimiyyət orqanlarının açıq şəkildə tənqid etdikləri Türkiyə Konstitusiyasına düzəlişləri nə üçün türk əsilli AFR vətəndaşlarının dəstəklədikləri üzərində baş sındırmağa davam edirlər. Onların təəccübünə səbəb olan budur ki, Almaniya siyasətçilərinin və KİV-lərinin “demokratiya” sözünün semantikası barədə düşünmədən, öz hərəkətlərinə tənqidi yanaşmaqdan imtina edərək, Türkiyənin indiki rəhbərliyinə şamil etdikləri “totalitarizmi” “demokratik” Almaniyada yaşayan immiqrantlar necə dəstəkləyə bilmişlər?

Almaniyada hakim Xristian Demokrat İttifaqı sədrinin müavini Yuliya Klökner deyib: “Türkiyə üçün Aİ-nin qapısı indi birdəfəlik bağlanıb”.

Türkiyənin Avropa İttifaqına daxil olması haqqında rəsmi danışıqlar 2005-ci ildə başlayıb. Bu proses hər il Brüssel tərəfindən Ankaraya milyonlarla vəsaitin köçürülməsi ilə müşayiət olunub. Aİ-nin fikrincə, bu vəsait namizəd ölkənin demokratiya, insan haqları, ədliyyə və vətəndaş cəmiyyəti sahəsində normalarını Avropa standartlarına çatdırmağa kömək etməlidir. Aİ-nin 2014-2020-ci illər dövrü üçün büdcəsində bu məqsədlərə 4,45 milyard avro nəzərdə tutulub.

Avropa Parlamenti sədrinin müavini, liberal Aleksandr Lambsdorff bunu “mənasız xərc” sayır, Türkiyənin Aİ-yə daxil olması barədə qeyri-səmimi danışıqları dayandırmağı və onunla başqa zəmində münasibətlər qurmağı tələb edir.

Bəs hansı zəmində? Avropa Parlamentində mühafizəkarlar fraksiyasının lideri, Almaniyada hakim XDİ/XSİ blokuna daxil olan Xristian Sosial İttifaqının (Bavariya) nümayəndəsi Manfred Veber Türkiyə ilə konkret məsələlərdə, məsələn, beynəlxalq terrorizmə qarşı mübarizədə və ya miqrasiya böhranının aradan qaldırılması sahəsində əməkdaşlıq etməyə çağırıb.

Almaniya parlamentinin mühafizəkar fraksiyalarının nümayəndələri daha radikal tədbirlər, o cümlədən Türkiyənin NATO-dan çıxarılması barədə düşünməyi, ölkəyə Almaniya istehsalı olan silahların göndərilməsini dayandırmağı, bundesver hərbi qulluqçularının oradan geri çağırılmasını, İncirlikdəki NATO bazasını Kiprin yunan hissəsinə və ya İordaniyaya köçürməyi, Avropa İttifaqının Berlinin təşəbbüsü ilə Türkiyə ilə imzaladığı miqrasiya paktını pozmağı təklif edirlər.

Almaniya siyasətçiləri bir məsələni başa düşə bilmirlər ki, AFR türklərinin çoxu rəsmi Berlinin etirazına baxmayaraq, referendumda səs verməklə, uzun müddətdir bu ölkədə həyata keçirilən antitürk kampaniyasına etirazlarını bildiriblər və bununla razılaşmadıqlarını nümayiş etdiriblər. Almaniyada yaşayan bir çox türklər üçün referendumda “Lehinə!” səs vermək bütün Avropanı, o cümlədən AFR-i cənginə alan azğın türkofobiyanın bir növ “Əleyhinə!” səs verməkdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.