DÜNYA
Almanlar çadranın qadağa edilməsinə birmənalı yanaşmırlar
Berlin, 22 avqust, AZƏRTAC
“2016-cı ilin yayı: Suriyanın Aleppo şəhəri Yer üzündə cəhənnəmə çevrildi, Aralıq dənizində qaçqınlar yenə boğulur, aşağı faiz siyasəti Almaniyada pensiya kassalarını boşaldır. Bəs Almaniyada diskussiyalar nə barədə aparılır? Bir tikə parça barədə!”
Alman ekspertlərinin çoxu hazırda bu cür istehza ilə mühakimə yürüdürlər. Müşahidəçilər hesab edirlər ki, AFR-in daxili işlər naziri Tomas de Mezyerin və Xristian-Demokratlar İttifaqını və Xristian-Sosialistlər İttifaqını federal əyalət hökumətlərində təmsil edən həmkarlarının hazırda üzə çıxmış planları - yalnız acizliyin təzahürüdür.
Məsələn, “DW” nəşri yazır: “Bu ölkədə çadraya qadağa lazım deyil. Sözün özü heç düzgün seçilməyib. Çünki Almaniyada çadra - üzü tor parça ilə örtən üst geyimi yoxdur. Burada niqab, yəni yalnız gözlərin açıq qaldığı, bədənin hər yerini örtən don geyinən qadınlar var, lakin onların sayı çox azdır”.
Şərhçilər hesab edirlər ki, qadın bədəninin nəinki örtülməsi, onun seksuallığını gözə çarpdırmaq məqsədilə ictimaiyyət qarşısında nümayişkaranə təqdim edilməsi - məsələn, reklamda olduğu kimi - bu da qadın haqqında təsəvvürün təzahürüdür.
Ekspert Martin Muno deyir: “Buna görə də biz bütün qüvvəmizi elə bir cəmiyyət uğrunda mübarizəyə qoymalıyıq ki, orada qadın bədəni barəsində sərəncam vermək hüququ qadının öz müqəddəratını təyin etmək hüququna güzəştə getsin. Bunun mənası konkret olaraq belədir: Hər bir qadın nə geyinəcəyi barədə özü qərar verməlidir”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin