DÜNYA
Almanlar kansler postunda kimi görmək istəyirlər?
Bakı, 12 oktyabr, AZƏRTAC
Almaniya kansleri Angela Merkel və Avropa parlamentinin sədri Martin Şults yeni federal kansler postuna namizədlər arasında seçici rəğbətinə görə liderlik edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə RİA Novosti informasiya agentliyi Fors tədqiqat institutunun apardığı sorğunun nəticələrinə istinadla məlumat yayıb. Əgər birbaşa seçkilər keçirilsə, rəyi soruşulanların 45 faizi Merkelə, 29 faizi isə Şultsa səs verərdi. Bununla yanaşı, hazırkı vitse-kansler Ziqmar Qabriel hələlik yalnız 18 faiz dəstəyə malikdir.
Almaniyada isə kansler birbaşa səsvermə ilə deyil, parlament seçkilərinin nəticələrinə əsasən seçilir. Namizəd qalib partiya tərəfindən təqdim olunur.
1002 nəfərin iştirak etdiyi sorğu oktyabrın 6-7-də Ştern jurnalının və RTL-Wahltrend televiziya proqramının sifarişi ilə keçirilib. Xəta 3 faiz təşkil edir.
Son vaxtlar keçirilən rəy sorğuları, eyni zamanda, Angela Merkelin bundestaqda “Xristian-demokratik ittifaqı” və “Xristian-sosial ittifaqı” partiyalarından ibarət blokuna rəğbətin azaldığını göstərir. Blokun reytinqi onun tarixində ilk dəfə olaraq 30 faizdən aşağı enib. Dəstəyin belə kəskin azalması federal kanslerin tənqidə məruz qalan və ölkədə narazılıq doğuran miqrant siyasəti ilə izah olunur. Bu siyasət nəticəsində Almaniyaya bir milyondan çox qaçqın gəlib.
Xatırladaq ki, Almaniyada parlament seçkiləri 2017-ci ildə keçiriləcək.