DÜNYA


Almanlar kartof sortlarına kişi adlarının verilməsini tələb edirlər

A+ A

Berlin, 13 avqust, AZƏRTAC

Almaniya Bundestaqına kartof sortlarına sırf qadın adlarının verilməsini dayandırmaq çağırışı ilə petisiya verilib. Bu məzəli petisiyanın müəllifləri hesab edirlər ki, Almaniyada kartofa düzgün adlar verilmir. Həqiqətən də alman kartofu sortlarını ”İvetta”, “Laura” və “Selma” hətta “Olqa”, “Maşa” və “Nataşa” adlandırırlar. Məsələn, “Angela” sortu istehsalçısının sözlərinə görə, kartofun bu növü fri kartofu qızartmağa çox münasibdir: sarı əti olan uzunsov yumrular tez yetişir və bişəndə ovulub tökülmür. Amma bax “Aleksandr”, yaxud “Ulrix” deyilən bir kartof sortu yoxdur. Qanunvericilik təşəbbüsünün müəlliflərinin hesablamalarına görə, ölkədə qəbul edilən kartof sortlarının təqribən 90 faizi qadın adları daşıyır. Gender bərabərliyinin keşiyində duran petisiya müəlliflərinin səsinin AFR deputatları tərəfindən eşidilib-eşidilməyəcəyi isə artıq avqustun 17-də məlum olacaq.

Kampaniya sosial şəbəkələrdə qızğın diskussiyalar doğurub. Hətta yuzerlərdən biri “cinslərin bərabərliyi nəzərə alınmadan adlandırılan” kartof sortunu boykot etməyə çağırıb.

Buna baxmayaraq, Sortlar üzrə Federal Agentliyin (“Bundessortenamt”) kartof sortlarına icazə verilməsinə cavabdeh olan əməkdaşı Hans-Horst Borq deyib: “İstehlakçılardan, habelə müntəzəm kartof təmizləyən və yeyən arvadımdan, - yeri gəlmişkən, elə özüm də kartof təmizləyir və həyatım boyu ləzzətlə yeyirəm, - öyrənib bildiyimə görə, yeni sortlara bundan sonra da qadın adlarının verilməsinə heç nə mane olmur. Bundestaqın isə mağaza piştaxtalarındakı tərəvəzin adlarının dəyişdirilməsindən daha vacib işləri olmalıdır”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.