DÜNYA
Almanlar kiberhücum təhlükəsi ilə bağlı təşviş keçirirlər
Berlin, 11 yanvar, AZƏRTAC
Bu il Almaniya bundestaqına seçkilər keçiriləcək. Ötən il ABŞ-da prezident seçkiləri kampaniyası zamanı haker hücumları ilə bağlı qalmaqal fonunda kiberhücum mövzusu həmişəkindən daha aktual olub. Almaniya bundestaqında XDİ/XSİ fraksiyasının lideri Folker Kauder jurnalistlərə müsahibəsində deyib: “Keçmişdə Almaniya bundestaqına və federal hökumətinə artıq hücumlar olub. Odur ki, belə addımların yenidən atılacağını istisna etmək olmaz. Amma biz buna hazırıq“. Buna baxmayaraq, F.Kauder tamamilə əmindir ki, Hillari Klintona qarşı haker hücumlarına bənzər hücumlar Almaniyada Angela Merkelə münasibətdə qeyri-mümkündür.
Bu fikri “yelbeyinlik” və “əsassız lovğalıq” adlandıran Almaniya ekspertləri və müşahidəçiləri deputata potensial riski lazımınca qiymətləndirməyi məsləhət görüblər. AFR haker hücumları ilə dəfələrlə üzləşib. Məsələn, 2015-ci ilin yanvarında onların hədəfi növbəti dəfə bundestaq olub. Bu hadisəyə diqqət yetirən F.Kauder hesab edir ki, kiberhücumların qarşısını almaq mümkün deyil. Bununla belə, o vurğulayıb ki, təhlükəsizlik tədbirləri artıq gücləndirilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin