İQTİSADİYYAT
Almatıda MDB-yə üzv ölkələrin vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXIII iclası keçirilib
Almatı, 7 oktyabr, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində MDB-yə üzv ölkələrin vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXIII iclası keçirilib.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Latviya, Estoniya, Ukraynadan nümayəndələr iştirak ediblər. Gürcüstan Maliyyə Nazirliyinin gəlirlər xidmətinin nümayəndələri iclasa qonaq qismində qatılıblar.
Tədbirin əsas müzakirə mövzusu MDB üzv ölkələrinin vergi xidmətlərinin təcrübəsi, gömrük və vergi sistemlərinin inteqrasiyası, risklərin idarə edilməsi, ümumi əməkdaşlıq, korrupsiyaya, ekstremizmə, terrorizmə, çirkli pulların yuyulmasına qarşı mübarizə kimi mühüm istiqamətlər barədə birgə fəaliyyət imkanları müzakirə olunub.
Tədbirdə vergi inzibatçılığının və vergi siyasətinin reallaşdırılmasında dövlət gəlirləri, o cümlədən birgə fəaliyyətin istiqamətləri sırasında mal və pul vəsaitlərinin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkarlığa qarşı mübarizə, iqtisadi təhlükəsizliyin qorunması, “Elektron hesab-fakturalar” tətbiq edilən informasiya sistemi barədə fikir mübadiləsi aparılıb.
İclasın yekununda növbəti il üçün Koordinasiya Şurasının işinin əsas istiqamətləri müəyyən olunub və müvafiq qərarlar qəbul edilib. Şuranın növbəti iclasının Qırğızıstanda keçiriləcəyi qərara alınıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı