MƏDƏNİYYƏT


“Almaz”a Cəfər Cabbarlı mükafatı verilib

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlı mükafatının təqdimetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək mükafat haqqında məlumat verib. Qeyd edib ki, sözügedən mükafat ilk dəfə C.Cabbarlının ev-muzeyinin layihəsi əsasında C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi tərəfindən 2001-ci ildə təsis olunub: “Bu il üçün nəzərdə tutulan mükafatlandırma mərasimi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın zəngin mədəniyyətinin təbliği və cəmiyyətin müxtəlif sosial təbəqələrinin geniş mədəni tədbirlərə cəlb olunması” adlı layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi mədəniyyətin daha da inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycanın tanınmış klassik və müasir ədəbiyyat xadimlərinin bədii irsinin öyrənilməsi, təbliği və sairdir”.

Tədbirdə Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemətin quruluş verdiyi “Almaz” tamaşası ilin ən yaxşı səhnə əsəri kimi Cəfər Cabbarlı mükafatına layiq görülüb.

O cümlədən, tamaşada rol alan Xalq artistləri Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova, Əməkdar artistlər Kazım Abdullayev, Ayşad Məmmədov, Məsmə Aslanqızı, teatrın bədii quruluş hissə müdiri İlham Elxanoğlu və tamaşanın yeni redaksiyasının müəllifi, Əməkdar İncəsənət Xadimi Əli Əmirli də mükafata layiq görülüblər.

Teatrın işıq üzrə rəssamı Rafael Həsənov, səhnə quraşdırma sex rəisi Elçin Vəliyev və səs rejissoru Şahanə Səlimova isə Cəfər Cabbarlının adını daşıyan diplomla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.