İQTİSADİYYAT
Alper Coşkun: Hədəfimiz Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsini 15-20 milyard dollara çatdırmaqdır
Hədəfimiz Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsini 15-20 milyard dollara çatdırmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun jurnalistlərə müsahibəsində bildirib.
“Ölkələrimiz arasında həm qarşılıqlı investisiyaların həyata keçirilməsi, həm də ticarət dövriyyəsinin hazırkı 4-5 milyard dollarlıq səviyyədən daha yüksək səviyyəyə, yəni, illik 15-20 milyard dollara çatdırılması kimi hədəflər müəyyənləşdirilib. Eyni zamanda, hər iki ölkənin biznes nümayəndələrinin birgə həyata keçirəcəkləri qarşılıqlı investisiya layihələrinə üçüncü ölkələrin cəlb edilməsi məsələsi də gündəmdədir ”- deyə səfir vurğulayıb.
A.Coşkun deyib ki, dünyada gedən iqtisadi tənəzzülə və yaxın bölgələrdə artan gərginliyə baxmayaraq, Azərbaycan yeni hədəflərə doğru uğurla addımlamaqdadır. Türkiyənin iş adamları da bu istiqamətdə axtarışlar aparırlar.