İDMAN
Alpinizm sahəsində perspektivli gənclərimiz var
Alpinizmdə əsas peşələrdən biri təlimatçı peşəsidir. Azərbaycan alpinizminin inkişafında mühüm xidmətləri olan təlimatçılardan biri də Yaqub Əsədovdur.
Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Y.Əsədov Heydər zirvəsinə ənənəvi qalxmaların ayrılmaz hissəsinə çevrilən ümummilli lider Heydər Əliyevin barelyefini gətirən üç idmançıdan biridir.
Y.Əsədov 1983-cü ildə “Ulduz” idman kompleksində dağ turizmi seksiyasını yaradıb. Onun komandası respublika üzrə bütün yarışlarda uğurla iştirak edib.
Y.Əsədov ilk qalxdığı yüksəklik Mərkəzi Qafqazda Via-Tau dağı olub. Ən uğurlu qalxması isə Şahdağ massivindəki “Azəri” zirvəsidir.
Bu gün Y.Əsədov dağ turizmində idman ustası namizədi və təlimatçıdır, qayayadırmanma üzrə idman ustasıdır, alpinizmdə isə birinci dərəcənin sahibi və təlimatçıdır.
O, 1990-cı illərin sonunda kişilər arasında alpinizm üzrə respublika miqyaslı yarışlarda bir neçə il birinci yeri tutub. Ona daha çox maraqlı olan yeni marşrut yaratmaqdır. 2002-ci ildən etibarən ilk milli təlimatçı məktəbinin məzunu olan Y.Əsədov Azərbaycan Alpinizm Federasiyasının təlimatçısı kimi fəaliyyətə başlayıb.
Təlimatçının və onun iş yoldaşlarının təlim-məşq toplantıları və zirvəyə qalxmanı təşkil etdikləri siyahıya Pamir, Tyan-Şan, Mərkəzi və Şərqi Qafqazdakı zirvələr daxildir. O, həmçinin Afrikanın ən yüksək zirvəsi olan Kilimancaroda olub. Vətənimizin bütün mühüm zirvələrinə qalxan idmançı başqa alpinistlərlə birlikdə müxtəlif kateqoriyalı bir sıra yeni alpinist marşrutu yaradıb. Son illər Y.Əsədov yarışlarda əsasən trass qurucusu və baş hakim kimi iştirak edir.
Alpinizm sahəsində perspektivli gənclərin olduğunu söyləyən Y.Əsədov Azərbaycan dağlarında yeni marşrutlar yaradır. Həmin marşrutlar istedadlı gənclərimizə nişan və üçüncü dərəcə normativlərini yerinə yetirməyə imkan verəcək.