CƏMİYYƏT
Alsheymer xəstəliyinin tez və dəqiq diaqnostikası üçün test hazırlanıb
Bakı, 24 noyabr, AZƏRTAC
ABŞ Milli Qocalma İnstitutunun alimləri Alsheymer xəstəliyinin tez və dəqiq diaqnostikası üçün test işləyib hazırlayıblar. AZƏRTAC “Zee News” saytına istinadla xəbər verir ki, tədqiqat testin heyrətamiz dərəcədə dəqiq olduğunu üzə çıxarıb: 100 faiz halda patologiyanı aşkar etmək mümkün olub.
Mütəxəssislər 174 adamdan qan nümunələri götürüblər. Onların 70 nəfəri Alsheymer xəstəliyindən, ahıl yaşda olan 20 nəfəri koqnitiv pozuntulardan və şəkərli diabetdən əziyyət çəkir, 84 nəfər sağlam olub.
Kəmağıllıqdan əziyyət çəkən 22 nəfər diaqnoz qoyulandan əvvəl 1-10 il ərzində götürülən nümunələri təqdim edib. Alimlər görüblər ki, insulin reseptorunun substratının (IRS-1) aktiv olmayan formasının səviyyəsi Alsheymer xəstəliyindən əziyyət çəkən pasiyentlərin qanında yüksək olub. IRS-1 hüceyrə daxilində qlükozanın mənimsənilməsi proseslərini işə salarkən, insulin ilə fəallaşan və insulinin olması barədə siqnal verən ilk reseptor olub.
Qanunauyğunluq o dərəcədə qabarıq olub ki, tədqiqatçılar qarşılarında kimin - kəmağıllıqdan, diabetdən əziyyət çəkən xəstənin, yaxud sağlam adamın qan analizinin olmasını dəqiq biliblər. Belə ki, qan analizinə görə risk qrupunda kimin olduğunu müəyyən etmək olar. Bəlkə də həyat tərzini dəyişməklə, yaxud müalicəyə tez başlamaqla xəstəliyin qarşısını almaq mümkündür.