ELM VƏ TƏHSİL
“Alternativ gələcəklə əlaqə” layihəsi başa çatıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) “Alternativ gələcəklə əlaqə” layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, həmin layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin tərəfdaşlığı, Bakı Ali Neft Məktəbinin (BANM) təşkilati dəstəyi ilə reallaşdırılıb. Layihənin məqsədi biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyənləşdirilməsi, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiya haqqında ətraflı məlumatı Azərbaycanın vətəndaş cəmiyyətinə çatdırmaq, gənclərimizin davamlı inkişafı üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, kütləvi informasiya vasitələrində müvafiq istiqamətlərdə məqalələrin, tədqiqat yazılarının dərc edilməsinə kömək göstərmək olub.
BANM-in prorektoru Ramiz Hümbətovun, ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayevanın da iştirak etdikləri tədbirdə layihə iştirakçılarına – jurnalistlərə və tələbələrə sertifikatlar verilib.
Qeyd edək ki, layihə çərçivəsində iştirakçıların AREA-nın “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasına səfəri təşkil olunub. Onlara stansiyanın gördüyü işlər və ümumi günəş panellərindən alınan enerji haqqında məlumat verilib, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr təqdim edilib.