İQTİSADİYYAT


Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində həyata keçirilmiş auditin nəticələri açıqlanıb

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2014-2015-ci illərdə, həmçinin bu ilin birinci rübündə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə və onun tabeliyində olan "Azalternativenerji" MMC-yə (Cəmiyyət) ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Hesablama Palatasından AZƏRTAC-a bildiriblər ki, agentlik Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji, ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpaolunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirir.

Audit aparatın və cəmiyyətin saxlanılması üçün dövlət büdcəsindən ayrılmış 7,3 milyon manat, həmçinin cəlb edilmiş 2,5 milyon manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 milyon manat məbləğində vəsaiti əhatə edib.

Agentliyin tabeliyində olan "Azalternativenerji" MMC tərəfindən 17 obyektdə (günəş, külək və kiçik su elektrik stansiyası) bütün qurğularla alternativ enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı 2015-ci ildə 8157799,0 kilovat-saat, 2016-cı ilin birinci rübündə isə 1949889,0 kilovat-saat təşkil edib.

2015-ci ildə elektrik enerjisi istehsalı ümumi istehsalat gücünün 46,0 faizini təşkil edib, 4 obyektin layihə gücündən 10,0 faiz, 5 obyektin layihə gücündən 20,0 faiz, 4 obyektin layihə gücündən 50,0 faiz, 2 obyektin layihə gücündən 90,0 faiz və digər 2 obyektin layihə gücündən isə 90,0 faizdən çox istifadə olunub.

Audit olunan obyektlər tərəfindən istehsal edilmiş elektrik enerjisinin 88,1 faizi satışa ötürülüb, 11,9 faizi daxili istehlaka və itkiyə yönəldilib.

"Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nda müəyyən edilmiş tədbirlər vaxtında və tam icra edilməyib, "Azalternativenerji" MMC-nin idarəetmə orqanlarından olan Müşahidə Şurası və Elmi-Metodiki Mərkəz yaradılmayıb. Proqramda nəzərdə tutulmuş tədbirlər bəzi hallarda gecikmə ilə yerinə yetirilib, qarşıya qoyulan məqsədlərin bəzilərinə nail olunmayıb, “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası" layihəsinin müvafiq direktiv orqanlarında təsdiqlənməsi təmin edilməyib.

Layihə güclərinin işə salınmasına çəkilən xərclərin təhlili layihə gücü eyni olan bir neçə obyektin smeta dəyərlərinin müxtəlif olduğunu göstərir. Agentlik tərəfindən bu, həmin ərazilərdə infrastruktur işlərinin müxtəlifliyi ilə əlaqələndirilsə də, eyni güclərin yaradılmasına çəkilən xərclərin əhəmiyyətli fərqlənməsi obyektlərin layihələndirilməsi işinin təkmilləşdirilməsinin və əlaqələndirilməsinin zəruri olduğunu qeyd etmək imkanı verir.

Müəyyən edilib ki, bəzi hallarda enerji satışı üzrə hesablaşmaların uçotu vaxtında aparılmayıb, quraşdırılmış alternativ enerji mənbələri obyektlərinin istismara verilməsi ilə bağlı işlərin həyata keçirilməsi tam təmin edilməyib, bəzi aktivlər əsas vəsait kimi uçota alınmayıb, 2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər görülməyib.

Hesablama Palatasının kollegiyası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yol verilmiş nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surəti və müvafiq təqdimat agentliyə göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.