REGİONLAR
Altı ayda Beyləqanda əsas kapitala 12,9 milyon manat investisiya yönəldilib
Beyləqan, 28 iyul, AZƏRTAC
Beyləqan rayonunda cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, məruzə və çıxışlarda ilin altı ayında Beyləqan rayonunda sosial-iqtisadi inkişafın artan templə davam etdiyi, ümumi məhsul buraxılışının həcminin 88,5 milyon manat olduğu, əsas kapitala 12,9 milyon manat investisiya yönəldiyi diqqətə çatdırılıb.
Bildirilib ki, hesabat dövründə Beyləqan şəhərində Şəhidlər abidə kompleksi və Veteranlar parkı yenidən qurulub, Heydər Əliyev prospekti, S.Qazıyeva, R.Abbasov, M.Əzizbəyov, A.Əkbərov küçələrində yeni asfalt örtüyü salınıb. Örənqala qəsəbəsində Şəhidlər kompleksi, Mil qəsəbəsində körpələr evi tikilərək istifadəyə verilib, Kəbirli kəndində tibb məntəqəsi əsaslı təmir edilib. Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun 20 kilometr hissəsi asfaltlanıb, qalan hissələrdə isə alt yatağının tikintisi başa çatdırılıb. Rayonun Örənqala, Baharabad qəsəbələrinə təbii qaz verilib. Hazırda Kəbirli, Qəhrəmanlı, Yuxarı Aran, Allahyarlı, Yuxarı Kəbirli, Mayak, Günəşli, Yeni Mil, Milabad, Qaralılar, Birinci Şahsevən kənd və qəsəbələrində qaz xətlərinin çəkilişi davam etdirilir.
Aqrar sahədə əldə olunan uğurlardan bəhs edilərkən bildirilib ki, hesabat dövründə 26,1 milyon manatlıq bitkiçilik, 28,1 milyon manatlıq heyvandarlıq məsulları istehsal olunub. Bu dövrdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 168 sahibkara 4,6 milyon manat güzəştli kredit verilib.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində həyata keçirilmiş tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.