İQTİSADİYYAT


Altı ayda dövlət büdcəsinin mədaxili 7722,8 milyon manat, xərcləri 8193,9 milyon manat olub

Bakı, 14 iyul, AZƏRTAC

2017-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 7722,8 milyon manat, xərcləri 8193,9 milyon manat olub, 471,1 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin altı ayında dövlət büdcəsinin mədaxili proqnoza nisbətən 102,3 faiz və yaxud 7722,8 milyon manat icra olunub ki, bu da 2016-cı ilin eyni dövrünə nisbətən 25,9 faiz və ya 1589,0 milyon manat çoxdur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,5 faiz icra edilməklə dövlət büdcəsinə 3353,0 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz və ya 162,9 milyon manat çoxdur.

Həmin vəsaitin 71,7 faizi və ya 2404,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2017-ci ilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 111,9 faiz əməl edərək dövlət büdcəsinə 1169,2 milyon manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz və yaxud 173,8 milyon manat çoxdur.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertdən 59,0 milyon manat az və ya 2991,0 milyon manat istifadə edilib.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 151,0 milyon manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz və yaxud 23,7 milyon manat çoxdur.

Sair daxilolmalar üzrə büdcəyə 58,6 milyon manat vəsait daxil olub.

2017-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4131,1 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 68,3 faiz və ya 1675,8 milyon manat çoxdur.

2017-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,2 faiz və yaxud 8193,9 milyon manat icra olunub ki, bu da 2016-cı ilin eyni dövrünə nisbətən 20,1 faiz və ya 1372,4 milyon manat çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 42,7 faizi və yaxud 3499,9 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz və yaxud 541,4 milyon manat çoxdur.

Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 397,8 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1180,8 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 41,5 milyon manat vəsait yönəldilib.

2017-ci ilin altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 4281,2 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,0 faiz və ya 83,1 milyon manat çoxdur.

2017-ci ilin altı ayında dövlət büdcəsində 471,1 milyon manat büdcə kəsiri (defisit) yaranıb. Dövlət büdcəsinin kəsiri əsasən 2017-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb.

Cari ilin altı ayında icmal büdcənin gəlirləri 11606,1 milyon manat, icmal büdcənin xərcləri isə 11507,1 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 99,0 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.