CƏMİYYƏT
Altı ayda respublika ərazisində 536 cinayətkar qrup zərərsizləşdirilib
Bakı, 7 iyul, AZƏRTAC
Ötən 6 ayda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 536, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 138 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
AZƏRTAC xəbər verir ki, bu fikir iyulun 7-də Daxili İşlər Nazirliyində 2017-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında səsləndirilib.
Diqqətə çatdırılıb ki, qeyri-leqal dövriyyədən 603,3 kiloqram narkotik vasitə çıxarılıb. Bu əməllərə görə 34 cinayətkar qrup zərərsizləşdirilib, 1302 şəxs məsuliyyətə cəlb olunub. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 95 tondan çox çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.