REGİONLAR
Altı rayonun abituriyentləri Göyçayda II və III ixtisas qrupları üzrə qəbul imtahanı veriblər
Göyçay, 30 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da Göyçay rayonunda 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsindən AZƏRTAC-a bildiriblər ki, imtahanlar Göyçay şəhərində 3 mərkəzdə təşkil olunub. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, şəhər 1 və 7 saylı orta məktəblərdə təşkil olunan imtahanlarda ümumilikdə 1401 abituriyent iştirak edib.
İmtahanların idarə olunmasına 10 imtahan rəhbəri və 109 nəzarətçi-müəllim ayrılıb. İmtahan mərkəzlərində abituriyentlərə biliyini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. Göyçay, Ucar, Zərdab, Kürdəmir, Ağsu və İsmayıllıdan olan abituriyentlər müvafiq sənədləri - şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etdikdən sonra imtahana buraxılıblar.
İmtahanlar nəzərdə tutulan qaydalara uyğun olaraq saat 11:00-da başlayıb və 3 saat davam edib. Abituriyentlərə hər fəndən 25 test tapşırığı olmaqla, ümumilikdə, 125 test tapşırığı verilib. II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili fənlərindən, III ixtisas qrupunda isə riyaziyyat, tarix və ana dili fənlərindən son 4 sual açıq tipli test tapşırıqları olub.
DİM-in Göyçay regional bölməsindən bildirilib ki, imtahanlar mövcud təlimata uyğun aparılıb. Şəffaf şəraitdə keçən imtahanların gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.