MƏDƏNİYYƏT


Altıncı “Muğam televiziya müsabiqəsi” başa çatıb

Müsabiqənin qalibləri mükafatlandırılıb 

Bakı, 12 iyun, Gözəl Ağayeva, AZƏRTAC

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb. Üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, iyunun 12-də Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi keçirilib.

Altıncı “Muğam televiziya müsabiqəsi”nin final mərhələsində 7 xanəndə - Nurlan Namazov, Səma Sultanova, Valid Abdullayev, Rəvanə Əmiraslanlı, Məcid Əsri, Almaxanım Əhmədli, Pərviz Qasımov ifalarını təqdim ediblər.

Sonra münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.

Əvvəlcə müsabiqənin diplomantları təltif olunublar.

Münsiflər heyətinin qərarı ilə Almaxanım Əhmədli VI “Muğam televiziya müsabiqəsi”nin Qran-pri mükafatına layiq görülüb.

Gənc xanəndə Pərviz Qasımov müsabiqədə birinci yeri qazanıb. Xanəndəyə həm də “Tamaşaçı alqışı” mükafatı təqdim olunub.

İkinci yeri Səma Sultanova və Rəvanə Əmiraslanlı, üçüncü yeri isə Nurlan Namazov, Valid Abdullayev və Məcid Əsri tutublar.

Qaliblərə mükafatları münsiflər heyətinin üzvləri təqdim ediblər.

Qaliblərin mükafatlandırılmasından sonra çıxış edən Xalq Artisti Əlibaba Məmmədov muğam sənətinin inkişafına verdiyi yüksək dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya münsiflər heyəti adından dərin təşəkkürünü bildirib.

Daha sonra qalib xanəndələr “Qarabağ şikəstəsi”ni və Azərbaycan Respublikasının dövlət himnini ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.