MƏDƏNİYYƏT
Altıncı “Muğam televiziya müsabiqəsi”nin final mərhələsinə başlanılıb
Bakı, 12 iyun, AZƏRTAC
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşmaq üzrədir. Üç ay müddətində bir-birindən istedadlı gənc xanəndələr birincilik uğrunda mübarizə apardılar. Artıq yarımfinallar arxada qalıb, müsabiqə yekunlaşmaq üzrədir. Beynəlxalq Muğam Mərkəzində reallaşan son yarımfinal dinləmələri də olduqca maraqlı keçib. Mart ayının 14-dən başlanmış altıncı “Muğam televiziya müsabiqəsi” çərçivəsində respublikamızın, demək olar ki, bütün bölgələrini təmsil edən 350-dən artıq gənc dinlənilib.
AZƏRTAC xəbər verir ki, iyunun 12-də Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi keçirilib.
Tədbirdə ölkəmizdə muğam sənətinə göstərilən qayğıdan, gənclərin muğam ifaçılığında istedadlarının üzə çıxarılmasında görülən işlərdən söz açılıb, bu istiqamətdə Heydər Əliyev Fondunun layihələrinin əhəmiyyəti, muğam sənətimizin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi vurğulanıb.
Bildirilib ki, xalqımızın həmişə fəxr etdiyi, orijinal forma və məzmunu olan muğam sənəti əsrlərdən, qərinələrdən aşaraq müasir dövrümüzə çatmış və bizim zəmanəmizdə mədəniyyətimizin nəinki Şərq aləmində, həm də Avropada, ümumən bütün dünyada tanıdılmasına və qəbul edilməsinə səbəb olub. Bu məqamda ümummilli liderimiz Heydər Əliyevin müdrik sözləri yada düşür: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək”.
Xalqımızın mədəni inkişafına, o cümlədən milli musiqi sənətinin yaşadılmasına xüsusi diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev 2000-ci ildə Azərbaycan Milli Konservatoriyasının yaradılması, bir il sonra isə Bakı Musiqi Kollecinin və Respublika İncəsənət Gimnaziyasının Milli Konservatoriyanın tərkibinə daxil edilməsi barədə sərəncamlar imzalayıb.
Milli Konservatoriyanın və Musiqi Kollecinin tələbə və məzunları mütəmadi şəkildə muğam müsabiqələrində uğurla çıxış edərək muğamsevərlərin rəğbətini qazanıb.
Ulu Öndərin mədəniyyətimizin inkişafı ilə bağlı fikirlərini və həyata keçirdiyi işləri əsas tutan Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan xalq sənətləri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu nümunələrdən biri də muğamdır. Heydər Əliyev Fondunun muğam sənəti ilə bağlı bir çox layihələri mövcuddur və “Muğam televiziya müsabiqə”lərinin bu layihələr arasında xüsusi yeri var. Başqa layihələr kimi, televiziya müsabiqələri də muğam irsimizin qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə, gənc istedadların aşkar edilməsi kimi nəcib məqsədlərə xidmət edir. 2005-ci ildən bu günümüzədək ardıcıl olaraq keçirilən “Muğam televiziya müsabiqə”lərinin uğurları göz qabağındadır.
Azərbaycan Prezidenti İlham Əliyev muğam müsabiqələrini yüksək qiymətləndirir. Dövlətimizin başçısı deyib: “Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu, sadəcə sənət növü deyil, bu, bizim mədəni sərvətimizdir. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər xüsusi rol oynayır”.
Vurğulanıb ki, muğam layihələri mədəni irsimizin nəinki paytaxtın sənət ocaqlarında, həmçinin ölkənin bütün bölgələrində yaşadılmasına böyük təkan verib. Yerlərdə yeni muğam mərkəzlərinin açılması, yeniyetmə və gənclərin bu sənətə cəlb olunması milli-mənəvi dəyərlərimizə hörmət və sədaqət nümunələri kimi qiymətləndirilməlidir.
Gecədə muğam sənətinin mədəni həyatımızda bu cür vüsət alması, yeni nəslə öz istedadlarını nümayiş etdirmək üçün hər bir şərait yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə edilib.
Sonra gənc muğam ifaçılarının çıxışları başlayıb.
Altıncı “Muğam televiziya müsabiqəsi”nin final mərhələsinə 7 xanəndə - Valid Abdullayev, Səma Sultanova, Məcid Əsri, Almaxanım Əhmədli, Pərviz Qasımov, Nurlan Namazov, Rəvanə Əmiraslanova iştirak edir. Onların ifasını Xalq artistləri - Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundovdan ibarət münsiflər heyəti qiymətləndirəcək.