SİYASƏT


Alxanlı faciəsi ispandilli medianın diqqət mərkəzində

Bakı, 8 iyul, AZƏRTAC

Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi və Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən iyulun 6-da Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə təşkil edilmiş səfərində EFE agentliyinin də nümayəndəsi iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu səfərin ardınca İspaniya, Mərkəzi və Latın Amerikasında geniş yayılan ispan dilli aparıcı xəbərlər portallarında, o cümlədən “Lavanguardia” saytında EFE agentliyinin nümayəndəsinin “Müharibənin 3 kilometrliyində yaşamaq” adlı məqaləsi yerləşdirilib.

Sözügedən məqalədə Ermənistan silahlı qüvvələrinin təmas nöqtəsindəki son təxibatlarından danışılır. Belə ki, məqalədə deyilir ki, Azərbaycanın Alxanlı kəndində ailələr 25 ildir evlərinin 3 kilometrliyində yerləşmiş Ermənistan mövqelərindən açılan artilleriya atəşlərinin altında yaşayır. Ötən həftə Azərbaycan və Ermənistan arasında çoxsaylı atışmalar faciə ilə nəticələnib: Alxanlı kəndində küçələrdən birinə mərminin düşməsi bir qadını və onun 2 yaşlı nəvəsinin ölümü ilə nəticələnib və digər ailə üzvü yaralanıb.

Yerli sakinlər müsahibələrində bildiriblər ki, 23 ildir Ermənistanın artilleriya atəşinə tutulurlar. Mərmilər kəndə və ətraf ərazilərdəki əkin sahələrinə təsir edir. “Ermənilərin açdığı atəş nəticəsində bu ailənin yeganə oğlunun yeganə qızı qətlə yetirildi. O, öz anasını və qızını itirdi”, - deyə kənd sakini Ruqiyə Feyziyeva bildirib.

Müsahiblərində kənd sakinləri əkin sahələrinin suvarılması üçün istifadə etdikləri suyun mənbəyinin düşmən tərəfində olduğunu bildirirlər. Yazıda kəndin ərazisində mövcud olan əkin sahələrinin də davamlı olaraq artilleriya atəşinə tutulduğu vurğulanır.

Yazıda, həmçinin qeyd edilir ki, Ermənistan tərəfi Alxanlı kəndini atəşə tutulması faktını təsdiqləyib. Müdafiə Nazirliyinə istinadən məqalədə Alxanlı kəndində hər hansı atəş məntəqəsinin olmadığı bildirilir.

Məqalənin sonunda Alxanlı kəndi və münaqişə haqqında qısa məlumat verilərək bildirilir: Alxanlı Ermənistan qoşunları tərəfindən 1993-cü ilin avqust ayından işğal edilib, qısa müddət sonra 1994-cü ilin yanvar ayında azad edilib. Hazırda Alxanlı cəbhə bölgəsindən 3 kilometrdən də az bir məsafədə yerləşir. Müharibənin 1994-cü ildə zəif intensivlik fazasına keçməsinə baxmayaraq bu 25 ildə qarşı tərəfin mövqeləri dəyişməyib və bu kəndin əhalisi münaqişənin nəticələrindən əziyyət çəkməkdə davam edirlər.

Yazıda Ermənistanın müharibəyə başlayaraq Azərbaycan ərazilərini işğal etməsi oxucuların diqqətinə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.