REGİONLAR


Alxanlı kəndinə səfər edən xarici KİV nümayəndələri və hərbi attaşelər erməni vəhşiliyinin izlərini öz gözləri ilə görüblər

Füzuli, 6 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər iyulun 4-də Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində iki dinc sakinin öldürülməsi, bir nəfərin yaralanması ilə bağlı dolğun məlumat almaq və hadisə yerinə baxış keçirmək məqsədilə Füzuli rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, “Amerikanın Səsi”, “Interfax”, “BBC” və digər xarici KİV əməkdaşları, habelə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edib.

Səfər iştirakçıları əvvəlcə hərbi hospitala gedərək, hadisə nəticəsində yaralanan Alxanlı kənd sakini Səlminaz Quliyevaya baş çəkiblər.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, atəşkəs elan olunmasına baxmayaraq, düşmən cəbhəboyu kəndləri daim atəşə tutur, dinc insanlar qətlə yetirilir. Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində yaşlı qadının və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər sakinin yaralanması, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması və zərər vurulması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirir. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin hədəfə alınması sübut edir ki, mütəmadi olaraq törədilən bu kimi qanlı təxribatların məqsədi dinc sakinləri öldürmək, yerli əhali arasında psixoloji gərginlik yaratmaqdır. Dünya ictimaiyyəti isə buna göz yumur, beynəlxalq təşkilatlar prinsipial mövqe nümayiş etdirmir. Münaqişənin həlli istiqamətində müsbətə doğru heç bir irəliləyiş yoxdur.

Kənd sakini Tofiq Hümbətov deyib ki, erməni tərəfi mütəmadi olaraq kəndi atəş altında saxlayır. İyulun 4-də düşmənin növbəti atəşi zamanı Səlminaz Quliyeva evlərinin yaxınlığında olub. Mərminin partlaması nəticəsində sinəsindən, qolundan və ayağından qəlpə yarası alıb. “Biz dünya ictimaiyyətini, beynəlxalq təşkilatları ədalətli olmağa, işğalçı ilə işğala məruz qalanı bir tutmamağa çağırırıq”, - deyə T.Hümbətov kənd sakinlərinin tələbini diqqətə çatdırıb.

Sonra xarici KİV nümayəndələri və hərbi attaşelər erməni silahlı qüvvələrinin Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində həlak olan mülki şəxslər - 1966-cı il təvəllüdlü Sahibə Allahverdiyevanın (Quliyeva) və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın qəbrini ziyarət ediblər.

Kənd sakinləri deyiblər ki, beynəlxalq təşkilatlar haqq-ədaləti təmin etməli, xarici KİV nümayəndələri isə erməni silahlı bölmələri tərəfindən dinc insanların öldürülməsi faktını dünya ictimaiyyətinə çatdırmalıdırlar. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin ardıcıl və davamlı şəkildə ağır silahlardan açdığı atəş nəticəsində 2 yaşlı uşağın qətlə yetirilməsi Ermənistan hökumətinin Xocalıda törətdiyi amansız soyqırımının davamıdır. 2016-cı il aprel ayının əvvəlində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdəki mövqelərindən qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini ağır silahlardan atəşə tutmuş, nəticədə Azərbaycanın 34 yaşayış məntəqəsi və kəndi dağıntılara məruz qalmışdı. Bu vandalizm aktı nəticəsində aralarında uşaqlar da olmaqla, 6 nəfər həlak olmuş, 33 nəfər ağır yaralanmışdı.

Diqqətə çatdırılıb ki, dünyanın digər bölgələrində bu cür qeyri-insani aktlar beynəlxalq ictimaiyyətin ciddi qınağı və təzyiqi ilə üzləşir. Terroru dəstəkləyən və bilavasitə onu dövlət siyasətinin prioritet istiqamətinə çevirmiş Ermənistana münasibətə gəldikdə isə beynəlxalq təşkilatlar susur, yaxud bir neçə kəsərsiz bəyanatla işlərini bitmiş hesab edirlər.

Daha sonra 2 yaşlı Zəhranın və nənəsinin həlak olduğu yerə baxış keçirilib. Burada söhbət zamanı bildirilib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul edildiyi xatırlanıb və qeyd olunub ki, bu qətnamələrin hər birində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, dinc əhalinin geri qaytarılması ilə bağlı tələb irəli sürülüb. Təəssüf ki, Ermənistan bu mötəbər beynəlxalq təşkilatın qərarlarını qulaqardına vurur, öz işğalçılıq siyasətini dinc əhalini qətlə yetirməklə daha amansız şəkildə davam etdirir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu və qoşunların təmas xəttinin yaxınlığında yaşayan azərbaycanlı əhalinin müntəzəm olaraq atəş altında saxlanılması, onların qətlə yetirilməsi münaqişənin sülh yolu ilə həllinə mane olmaq üçün Sarkisyan rejimi tərəfindən məqsədli şəkildə atılan addımlardır.

Füzuli rayon prokuroru və məhkəmə ekspertiza və patoloji anatomiya zona mərkəzinin məhkəmə tibbi eksperti xarici KİV nümayəndələrinə və hərbi attaşelərə qanlı cinayət haqqında ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, rayon prokurorluğu və digər hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerinə baxış keçirib, foto və videoçəkiliş aparılıb. Qəsdən adam öldürmə, həmçinin beynəlxalq humanitar hüququn pozulması, milli ayrı-seçkilik zəminində baş verən cinayətlərə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq bəndləri üzrə cinayət işi başlanılıb, istintaq aparılır.

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər daha sonra “Zobucuq-5” qəsəbəsinə gələrək, 2 yaşlı Zəhra Quliyevanın və nənəsinin yas mərasimində iştirak ediblər. Onlar həlak olanların ailələrinə başsağlığı verib, dərdlərinə şərik olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.