ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutu Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə əməkdaşlığı genişləndirir
Bakı, 30 noyabr, AZƏRTAC
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin rəhbəri Adəm Urfa və bu qurumun əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva- Kəngərli TİKA kimi nüfuzlu bir təşkilatın Əlyazmalar İnstitutuna xüsusi diqqət və qayğı ilə yanaşmasından məmnunluğunu ifadə edib və bu əməkdaşlığın gələcəkdə daha çox səmərə verəcəyinə əminliyini bildirib. O, Əlyazmalar İnstitutunun Azərbaycanda öz ixtisası üzrə yeganə mərkəz olduğunu vurğulayıb.
A.Urfa təmsil etdiyi qurumun iki ölkə arasında körpü rolunu oynadığını bildirib, əlyazmaların elektronlaşdırılması yolu ilə dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.
Bərpa və gigiyena şöbəsinin işi ilə tanış olan TİKA nümayəndələri şöbənin işinin yaxşılaşdırılması üçün əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildiriblər.