İQTİSADİYYAT


Əmanətlərin Sığortalanması Fondu: Əmanətlərin 73 faizi qorunur

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Cari ilin altı ayının yekunlarına görə, fiziki şəxslərin cəmi əmanətləri 7 milyard 761 milyon manat olub.

Əmanətlərin Sığortalanması Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin ikinci rübündə qorunan əmanətlər ötən rüblə müqayisədə 543 milyon manat (8,8 faiz), ilin əvvəlinə olan göstərici ilə müqayisədə isə 296 milyon manat (5 faiz) azalıb. Nəticədə cəmi əmanətlərin (7,8 milyard manat) 73 faizini (5,66 milyard manat) qorunan əmanətlər, 27 faizini (2,10 milyard manat) isə qorunmayan əmanətlər təşkil edib.

Kompensasiya olunan əmanətlər cari ilin əvvəlinə olan göstərici ilə müqayisədə 99 faiz (2 milyard 275 milyon manat) artaraq 4 milyard 572 milyon manat olub. Bu da ümumi əmanətlərin (qorunmayan əmanətçilərin əmanətləri istisna olmaqla) 65 faizini, qorunan əmanətlərin isə 81 faizini təşkil edib. Qorunan əmanətlərin 77 faizi ABŞ dollarının, 19 faizi manatın, 4 faizi avronun payına düşür.

Hesabat dövründə fondun cəmi aktivləri 168,2 milyon manat olub. Bunlardan 2,2 milyon manatı uzunmüddətli aktivlərin payına düşüb. Fondun cəmi gəlirləri 13,7 milyon manat olub ki, bunun da 13,2 milyon manat hissəsi təqvim haqları, 443 min manat hissəsi faiz gəlirləridir. Fondun inzibati və ümumi xərcləri 1,8 milyon manat olub ki, bunun da 943,5 min manatını əməliyyat xərcləri təşkil edib. Hazırda fondun investisiya portfeli 7,3 milyon manat təşkil edən qiymətli kağızlardan ibarətdir. İkinci rübün sonuna fondun iştirakçısı olan bankların sayı 37-dir.

Qeyd edək ki, bu il martın 1-də qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və martın 2-dən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 12 faiz, xarici valyuta üzrə 3 faiz həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

Martın 2-dən əvvəl illik 12 faizədək xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.