İQTİSADİYYAT


Əmanətlərin Sığortalanması Fondu "Bank Standard"ın qorunan əmanətçilərinə müraciət edib

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu Sığorta hadisəsi baş vermiş "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə müraciət edib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, ləğv prosesində olan "Bank Standard"ın əmanətçilərinin sayının çoxluğunu və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq, Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 13-dən etibarən 50 min ABŞ dolları və 80 min manat məbləğinədək olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçirilir.

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə ictimaiyyət əlavə məlumatlandırılacaq. Kompensasiyaların ödənişi ləğv prosesində olan "Bank Standard"ın baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir.

Qeyd edək ki, "Bank Standard"da oktyabrın 4-də sığorta hadisəsi baş verib, oktyabrın 11-dən etibarən bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsinə başlanılıb. Qeyd olunan tarixdən etibarən əmanətçilər ləğv prosesində olan "Bank Standard"ın filiallarına müraciət etməklə qorunan əmanətləri üzrə kompensasiyaları ala bilərlər.

Əlavə məlumat almaq üçün Əmanətlərin Sığortalanması Fondunun əlaqə nömrələri: (012) 596 65 91/92/93 və "941" qaynar xətt.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.