İQTİSADİYYAT
Əmanətlərin Sığortalanması Fondu "Parabank" və "Dekabank"a qarşı tələbləri olanlara müraciət edib
Bakı, 29 avqust, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilmiş “Parabank” ASC-yə və “Dekabank” ASC-yə qarşı tələbləri qeydə almağa başlayıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3617/2016 və 2-1 (81)-3618/2016 saylı qərarları ilə “Dekabank” ASC və “Parabank” ASC məcburi ləğv edilib və Əmanətlərin Sığortalanması Fondu 2016-cı il iyulun 25-dən hər iki bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.
Bununla əlaqədar olaraq məcburi ləğv edilmiş hər iki banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və kreditorun adı, ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat təqdim etməlidirlər. Kreditorlardan bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etmələri xahiş olunur.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar: Bakı şəhəri, Bülbül prospekti 40, 4-cü mərtəbə, əlaqə nömrələri:
(994 12) 596 65 91/92/93 Qaynar xətt: 941.