CƏMİYYƏT
“Amay” Ticarət Mərkəzində baş verən yanğın tam söndürülüb
AZƏRTAC-ın hadisə yerində olan müxbiri məlumat verir ki, yanğının söndürülməsi üçün əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə bildirib ki, yanğın barədə məlumat saat 10:31-də daxil olub. Ərazi üzrə Xətai rayon dövlət yanğından mühafizə hissəsi və Neft emalı Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin yanğın bölmələrinin şəxsi heyəti və texnikası dərhal hadisə yerinə cəlb edilib. Yanğın tam söndürülüb.
Yanğın nəticəsinə “Amay” Ticarət Mərkəzinin dördüncü mərtəbəsində bir ofis otağı təxminən 30 kvadratmetr sahədə, həmçinin binanın birinci mərtəbəsindən 8-ci mərtəbəsinədək şaxtadan keçən elektrik xətləri və boruların izolyasiyası təxminən 25 metr yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı vətəndaşlar və əməkdaşlar arasında xəsarət alan olmayıb.
Ə.Novruzov onu da bildirib ki, binada yerləşən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinə hadisə zamanı ziyan dəyməyib.
Hazırda təhqiqat qrupu hadisə yerində işləyir. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.