CƏMİYYƏT


Əmək resurslarının rəqabət qabiliyyətinin artırılması yönündə tədbirlər keçirilir

Bakı, 16 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək resurslarının rəqabət qabiliyyətinin artırılması yönündə tədbirlərin davamı olaraq, ötən il 3 702 nəfər şəxs əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 3 352 nəfər, o cümlədən 143 nəfər əlilliyi olan şəxs üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Bu dövrdə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən peşə hazırlığı kurslarına cəlb edilən gənclərin sayı isə 350 nəfər təşkil edib. Mərkəzdə peşə hazırlığı kursları dövründə sağlamlıq imkanları məhdud gənclərin burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı da həyata keçirilib. Ümumilikdə 2016-cı ildə nazirlik tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 3 702 nəfərin 493 nəfəri (13,3 faiz) əlilliyi olan şəxslərdən ibarət olub.

Kurslarda kompüter istifadəçisi, mebel quraşdırıcısı, əməliyyatçı mühasib, dərzi, elektrik montyoru, qənnadçı, bərbər, xalçaçı, avtomobil təmiri üzrə çilingər, elektrik qaynaqçısı və s. peşələr tədris olunub. Peşələrin öyrədilməsi prosesində çevik və daha səmərəli peşə təlimi metodologiyasından ibarət olan modul tədris üsulundan da geniş istifadə edilib. Kursları bitirənlərə peşə sertifikatları verilib.

Gənclərin əmək bazarının tələbləri nəzərə alınmaqla gələcək peşə və ixtisas seçimini düzgün aparmaları məqsədilə peşəyönümü tədbirləri də davam etdirilib. Bir sıra hallarda valideynlərin də iştirakının təmin edildiyi bu tədbirlər vasitəsilə ötən il böyük əksəriyyəti orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 117 244 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.