CƏMİYYƏT
Əmək şəraitinin yaxşılaşdırılması mənfəət gətirib
Bakı, 29 sentyabr, AZƏRTAC
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Dünya Bankı tərəfindən dəstəklənən proqramlarından biri sayəsində inkişaf etməkdə olan yeddi ölkənin yüzlərlə tikiş fabrikində əmək şəraitini yaxşılaşdırmaq mümkün olub. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması sayəsində həmin müəssisələrdə əmək məhsuldarlığı yüksəlib, mənfəət artıb.
AZƏRTAC BƏT-ə istinadla xəbər verir ki, ABŞ-ın Tafts Universitetinin keçirdiyi tədqiqatlara görə, proqram çərçivəsində Asiya ölkələrində bir çox tikiş fabriklərinin rəhbərləri hədsiz uzun iş gününü ləğv etməli, işçilərin minimum əməkhaqqını artırmalı, işdən çıxarmaq təhdidləri praktikasına son qoymalı olub.
Kişilərin və qadınların məvacibində fərqi azaltmaq üçün xüsusi səylər göstərilib. Haiti, Nikaraqua və Vyetnamda bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş əldə olunub.
BƏT və Dünya Bankının proqramı sayəsində İordaniyada gender zəminində zorakılıq hallarının miqyası kiçilib. Bu ölkədə seksual xarakterli zorakılıq hərəkətləri haqqında məlumatlar 18 faiz azalıb.
Əmək şəraitinin yaxşılaşdırılmasına dair eksperimental proqram 2009-cu ildə dünyanın yeddi ölkəsində işə salınıb. Proqramın icrası sayəsində tikişçi qadınların məvacibi orta hesabla yeddi dollar artıb, onların iş günü 3,5 saat qısalıb.