CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Almaniyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixael Kindsqrabla tanışlıq görüşü olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin əldə etdiyi mühüm tarixi nailiyyətlər, sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edən uğurlu islahatlar barədə məlumat verib. Respublikamızda sosial rifah halının yüksəldilməsini, əhalinin sosial müdafiəsinin gücləndirilməsini, yoxsulluğun kəskin şəkildə azalmasını ifadə edən göstəriciləri açıqlayan S.Müslümov əmək və sosial müdafiə sahəsində həyata keçirilən islahatlar barədə səfiri məlumatlandırıb.

S.Müslümov ölkəmizdə əmək və sosial müdafiə sisteminin mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, fəaliyyət sahələrində şəffaflıq prinsipinin və səmərəli iş üsullarının tətbiqi məqsədilə müvafiq işlərin aparıldığını bildirib. Nazirliyin fəaliyyətində aidiyyəti xidmətlər sistemində məmur-vətəndaş təmaslarının minimallaşdırılması və şəffaflığın artırılması üçün elektron texnologiyalardan istifadənin genişləndirildiyini önə çəkən nazir ümumilikdə hazırda nazirliyin əhali üçün aktual olan bütün iş sahələrində 29 elektron xidmətin vətəndaşların istifadəsində olduğunu diqqətə çatdırıb. Cari ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən 4 061 039 dəfə istifadə olunub.

İki ölkə arasında əmək və sosial müdafiə sahəsindəki mövcud əlaqələrə toxunan nazir Almaniya Federativ Respublikasının Əmək və Sosial İşlər Nazirliyi və digər qurumları ilə zəngin əməkdaşlıq təcrübəsi olduğunu vurğulayıb. Əlillik müayinələrinin aparılması və tibbi-sosial reabilitasiya, əməyin mühafizəsi ilə bağlı ölkədə cari vəziyyətin təhlili, ehtiyacların öyrənilməsi və əmək müfəttişləri üçün xüsusi təlim proqramlarının hazırlanması, sosial xidmətin təşkili, sosial xidmət sahəsində, məşğulluq orqanları nəzdində peşə fəaliyyəti və ixtisasartırma, işsizliyə görə məcburi sığortalanma məsələləri və digər sahələrdə Almaniya ilə əməkdaşlığın səmərəli olduğu vurğulanıb.

M.Kindsqrab ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib. Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində əhaliyə göstərilən xidmətlərin onda böyük maraq doğurduğunu qeyd edən səfir ölkəsi ilə Azərbaycan arasında əmək və sosial müdafiə məsələləri üzrə əlaqələrin genişlənməsinə öz töhfəsini vermək üçün daim səylər göstərəcəyini bildirib.

Görüşdə qeyd olunan sahələrdə gələcək əməkdaşlığın istiqamətləri nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.