CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  İsrail nümayəndə heyəti ilə görüş olub

Bakı, 26 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Sosial Təminat Nazirliyinin və onun struktur bölmələrinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd sosial işin təşkili sahəsində ölkəmizin təcrübəsi, habelə Azərbaycanda yəhudilərin çoxəsrlik tarixi və mədəniyyəti ilə tanış olmaqdır.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Azərbaycan ilə İsrail arasında dostluq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirib. Ölkəmizin sosial-iqtisadi inkişafından bəhs edən nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin sosialyönümlü olduğunu, ilk növbədə sosial məsələlərin həllinə, insan kapitalının inkişafına xidmət etdiyini vurğulayıb. İ.Rəhimov son illərdə respublikamızda əmək və sosial müdafiə sahələrində aparılan islahatlar, göstərilən xidmətlərin şəffaflığını və müvafiq təbəqələrə aid vətəndaşlar üçün əlçatanlığını təmin etmək üçün bu sahələrdə yaradılan elektron sistemlər barədə məlumat verib. O, bu sistemlərin mötəbər beynəlxalq qurumlar tərəfindən də qabaqcıl təcrübə nümunələri kimi dəyərləndirilərək təbliğ olunduğunu qeyd edib.

Nazir müavini bildirib ki, ölkəmizdə sosial təminat sisteminin tərkib hissəsi olan sosial işin təşkili, sosial cəhətdən həssas əhali qruplarının ehtiyac duyduqları sosial xidmətlərlə təminatı sahəsində də mühüm işlər aparılır. Bu gün respublikada 1100-ə yaxın şəxs sosial xidmət müəssisələrində daimi dövlət təminatında olmaqla stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlilliyi olan şəxs isə evlərində səyyar formada sosial xidmətlərlə təmin edilirlər. Eyni zamanda, 2 min nəfərdən çox sağlamlıq imkanları məhdud və ya sosial təhlükəli vəziyyətdə olan uşağa nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində səyyar formada sosial xidmətlər göstərilir.

İ.Rəhimov Heydər Əliyev Fondunun sosial əhəmiyyətli layihələr, o cümlədən dövlət uşaq müəssisələrini bitirmiş məzunların mənzillə təminatı sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Həmçinin insan alveri qurbanlarına yardımların göstərilməsi, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahələrində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Qeyd olunub ki, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial xidmətlərlə təminatı da diqqətdə saxlanılır. Nazirlikdə fəaliyyət göstərən müvafiq Komissiya tərəfindən akkreditasiya olunmuş 10 qeyri-dövlət yardım mərkəzi bu istiqamətdə fəaliyyət göstərir. Son illərdə ölkədə sosial təminat sisteminin qabaqcıl Avropa təcrübəsinə uyğun səviyyədə təkmilləşdirilməsi, bu sahədə “Sosial iş” modelinin tətbiqi yönündə aparılan işlər barədə də məlumat verilib.

İsrail nümayəndə heyətinin üzvləri Yael Aloni, Liora Qovrin və digərləri ölkələrimiz arasında dostluq münasibətlərindən, Azərbaycanda gedən inkişaf proseslərindən, eyni zamanda, multikulturalizmin həyat tərzi olmasından məmnunluqla bəhs ediblər. Qonaqlar ölkəmizdə əmək və sosial müdafiə sahələrində yaradılmış elektron sistemlərə, əhaliyə göstərilən elektron xidmətlərə böyük maraqlarını ifadə ediblər. Nümayəndə heyətinin üzvləri əmək və sosial müdafiə sahələri üzrə Azərbaycanda formalaşmış təcrübədən öyrənilməli çox şeyin olduğunu, iki ölkə arasında həmin sahələrdə təcrübə mübadilələrinin aparılmasının əhəmiyyətini vurğulayıblar.

Görüşdə aidiyyəti fəaliyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadilələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Nümayəndə heyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Quba və İsmayıllı rayonlarındakı qurumlarının iş təcrübəsi ilə yaxından tanış olması da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.