REGİONLAR
Əmək və əhalinin sosial müdafiəsi naziri Astarada beş rayonun sakinləri ilə görüşüb
Astara, 7 iyul, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tövsiyə və tapşırıqlarına, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 7-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Astara şəhərində Lənkəran, Yardımlı, Masallı, Astara və Lerik rayonlarının sakinlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbul zamanı edilən müraciətlər əsasən dövlət büdcəsi hesabına vətəndaşların mənzillə, reabilitasiya vasitələri və protez-ortopedik məmulatlarla təmin olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi, sığorta və pensiya münasibətləri, bərpa müalicəsinə köməklik göstərilməsi və sair məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.
Ayrı-ayrı vətəndaşların müraciətlərində əksini tapan məşğulluq məsələsi ilə əlaqədar yerindəcə tədbirlər görülüb. İşaxtaran vətəndaşlara yaşadıqları ərazi üzrə müəssisələrdəki boş (vakant) iş yerləri təklif edilərək, seçdikləri və əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər verilib.
Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunmaq, reabilitasiya vasitələri ilə təmin edilmək istəyən şəxslər qeydiyyata alınıblar.
Bərpa müalicəsinə ehtiyac duyan şəxslərin nazirliyin reabilitasiya müəssisələrinə qəbul edilməsi ilə bağlı tapşırıqlar verilib.
Qəbul zamanı vətəndaşlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə olunması, onların maddi təminatlarının artırılması, eyni zamanda, məşğulluq imkanlarının artırılması üçün aparılan məqsədyönlü işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlər üzrə müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.