CƏMİYYƏT


Əmək və əhalinin sosial müdafiəsi naziri Biləsuvarda 5 rayonun sakinlərini qəbul edib VİDEO

A+ A

Bakı, 13 yanvar, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Biləsuvarda bu rayonla yanaşı, Neftçala, Cəlilabad, Salyan, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya vasitələri ilə təminatı, məşğulluq, bərpa müalicəsinə kömək göstərilməsi, əmək pensiyası və digər sosial təminat növlərinə hüququn müəyyən olunması və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər obyektiv şəkildə araşdırılıb, ayrı-ayrı müraciətlərlə bağlı hüquqi izahatlar verilib.

Qəbul zamanı S.Müslümov vurğulayıb ki, dünya iqtisadiyyatında çətinliklərin yaşandığı ötən ildə olduğu kimi, cari ildə də Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti addımlar atılacaq. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır”.

İmtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatına dair müraciətlərini cavablandıran S.Müslümov bu sahədə işlərin davam etdirildiyini diqqətə çatdırıb: “Prezidentin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq görülən işlər çərçivəsində son iki ildə Biləsuvar, Neftçala, Cəlilabad, Salyan rayonlarında 40-a yaxın fərdi yaşayış evi tikilərək Qarabağ müharibəsi və şəhid ailələrinə verilib. Həmin rayonlar üzrə daha 20-dək evin tikilməsi nəzərdə tutulub ki, həmin evlərdən bir çoxu artıq inşa edilir”.

Nazirliyin struktur bölmələrinin və qeyd olunan rayonlar üzrə qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda müraciətlərə əsasən, bir sıra vətəndaşların məşğulluğunun təmin olunması üçün konkret tədbirlər görülüb. Onlara müvafiq ərazi üzrə boş (vakant) iş yerləri təqdim edilib, seçdikləri və əmək bacarıqları uyğun gələn iş yerlərinə göndərişlər verilib.

S.Müslümov son bir ildə Biləsuvar, Neftçala, Cəlilabad, Salyan, Cəbrayıl rayonları üzrə 3 min nəfərədək şəxsin nazirliyin məşğulluq orqanları vasitəsilə işlə təmin edildiklərini bildirib: “Eyni zamanda, bu rayonlar üzrə 102 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramı üzrə təlimlərə cəlb edilib. Qiymətləndirmə prosesində onlardan 84 nəfərin biznes-planları uğurlu hesab edilib. Həmin şəxslərin ailə bizneslərinin mal və materiallar formasında dəstəklənməsi təmin olunacaq”.

Qəbul zamanı bir nəfərə əlil arabası təqdim edilib, ayrı-ayrı vətəndaşların ehtiyaclarına uyğun olaraq müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları, nazirliyin aidiyyəti müəssisələrində bərpa müalicəsinə, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri və s. barədə tapşırıqlar verilib.

Vətəndaşlar ölkədə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, respublikanın bölgələrinin tərəqqisi və sosial infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatının inkişaf etdirilməsi və bununla kənd rayonları əhalisinin məşğulluq və gəlir imkanlarının artırılması, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və s. sahələrdə aparılan mühüm işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.