REGİONLAR
Əmək və əhalinin sosial müdafiəsi naziri Yevlaxda 5 rayon və şəhərin sakinlərini qəbul edib
Bakı, 18 dekabr, AZƏRTAC
Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərindəki çoxmənzilli yaşayış binalarından hazır mənzillərin alınaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə verilməsi üçün sənədləşmə işləri artıq yekunlaşıb. Yaxın günlərdə bu prosesə başlanılması nəzərdə tutulur. 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslər qarşıdakı 4 il ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin olunacaqlar.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 18-də Yevlax şəhərində vətəndaşları qəbul edərkən məlumat verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən görüşdə Mingəçevir, Naftalan şəhərlərinin, Yevlax Goranboy və Ağdaş rayonlarının sakinləri iştirak ediblər.
Qəbulda Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən aparılan bu işlər çərçivəsində hazırda 52 rayonda 353 ədəd fərdi evin inşa edildiyi də bildirilib.
Qəbula gələnlərin müraciətləri əsasən mənzil və minik avtomobilləri, məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, əlilliyi olan şəxslərin bərpa-müalicəsi və digər məsələləri əhatə edib. Əmək hüquqlarının təminatı, ünvanlı dövlət sosial yardımı və əlillik təyinatı ilə bağlı müraciətlər isə azlıq təşkil edib.
S.Müslümov nəzərə çatdırıb ki, cari ilin əvvəlinədək növbədə dayanan müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin (ümumilikdə 1453 nəfər) qısa müddətdə bir nəfər kimi avtomobillə təmin olunması, nəqliyyat vasitəsilə bağlı müraciətlərin artmasına səbəb olub. Lakin burada qanunvericiliyin tələblərinə ciddi riayət olunur və il ərzində müraciət edənlərin yalnız 21 faizinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilib. Bu sahədə şəffaflığın təmin olunması üçün tibbi göstəriş əsasında növbəyə dayanan şəxslər dərhal nazirliyin rəsmi internet saytındakı müvafiq növbəlilik siyahısına daxil edilir və 2015-ci ildə bu şəxslərin avtomobillə təminatı davam etdiriləcək.
Nazir bildirib ki, əlilliyi olan şəxslərin və sosial cəhətdən həssas əhali kateqoriyalarının sosial müdafiəsinin fəal vasitələrlə dəstəklənməsi, onların səmərəli məşğulluğunun təmin olunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi yönündə də fəaliyyət gücləndiriləcək.
Qəbulda S.Müslümov hər bir müraciətdə əksini tapan məsələlərin diqqətlə araşdırılması və ədalətli həlli ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib. Həmçinin nazir tərəfindən verilən müvafiq göstərişlərə əsasən, ayrı-ayrı vətəndaşların reabilitasiya vasitələri, məşğulluqlarının təminatı, nazirliyin bərpa mərkəzlərində müalicə kursuna qəbul edilmə, peşə hazırlığına cəlb olunma və s. üzrə müraciətləri elə yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.