REGİONLAR
Əmək yarmarkasında 63 nəfər işaxtarana göndəriş vərəqəsi verildi
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri Kamil Həsənov, Astara Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürov və başqaları ölkəmizdə yoxsulluğun azaldılması və yeni iş yerlərinin açılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlərdən danışdılar. İşaxtaran vətəndaşların işlə təmin edilməsində əmək yarmarkalarının əhəmiyyəti yüksək qiymətləndirildi.
Qeyd olundu ki, fəal məşğulluq tədbirləri çərçivəsində indiyədək respublikamızın 35 şəhər və rayonunda ənənəvi əmək yarmarkaları keçirilib. 1000-ə yaxın idarə, müəssisə təşkilatın iştirak etdiyi əmək yarmarkalarında işaxtaran vətəndaşlara 8500 boş iş yerləri təklif edilib, işlə təmin olunmaq məqsədilə 2700 nəfərə göndəriş vərəqəsi verilib.
Əmək yarmarkalarında, həmçinin 300 nəfər peşə hazırlığı kurslarına, 200 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.
Bildirildi ki, Astarada keçirilən bugünkü əmək yarmarkasına isə rayonun 23 idarə, müəssisə və təşkilatlarından 185 boş iş yeri çıxarılıb. Bunlardan 16-sı dövlət, 7-si özəl təşkilatlardır.
Təklif olunan boş iş yerlərindən 112-si qulluqçu, 73-ü fəhlə peşəsinə aiddir.
Əmək yarmarkasında işə düzəlmək məqsədilə 63 nəfər işaxtarana göndəriş vərəqəsi verildi.