MƏDƏNİYYƏT


Əməkdar Artist Hamlet Xanızadənin xatirəsi anılacaq

A+ A

Bakı, 23 yanvar, AZƏRTAC

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında unudulmaz sənətkar, teatr və kino aktyoru, Əməkdar Artist Hamlet Xanızadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yubiley gecəsində iştirak edənlər əvvəlcə unudulmaz sənətkarın yaradıcılığına işıq salan fotosərgi ilə tanış olacaqlar.

Tədbirdə H.Xanızadənin çəkildiyi filmlərdən fraqmentlər təqdim ediləcək, aktyorun yaradıcılığından söz açılacaq, onun Azərbaycan kino mədəniyyəti tarixindəki xidmətləri vurğulanacaq.

Gecədə yaratdığı obrazlara öz möhürünü vurmuş mərhum sənətkarın oynadığı tamaşalardan səhnələr də nümayiş olunacaq.

Qeyd edək ki, H.Xanızadə istər kino, istərsə də teatrda yaratdığı obrazları ilə özünəməxsusluğu, səmimiliyi, tamaşaçını özünə cəlb etməsi ilə daim fərqlənib. Aktyor haqqında düşünəndə ilkin olaraq tamaşaçının yadına Topal Teymur obrazı düşür. O, hər zaman güclü yaradıcı potensiala malik aktyor kimi xatırlanır.

İstedadlı aktyor Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı” Nəriman Həsənzadənin “Atabəylər”, Nazim Hikmətin “Şöhrət və unudulan adam”, Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Uilyam Şekspirin “Antoni və Kleopatra”, Fridrix Şillerin “Məkr və məhəbbət” əsərləri əsasında hazırlanmış tamaşalarda müxtəlif obrazları böyük sənətkar məharəti və ustalıqla yaradıb.

H. Xanızadənin Azərbaycan kino sənətində də parlaq obrazları az deyildir. Onun “Yeddi oğul istərəm”, “O qızı tapın”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qətl günü”, “Yaramaz” filmlərində oynadığı təkrarsız rollar tamaşaçının qəlbində özünə əbədi məskən salıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.