MƏDƏNİYYƏT
Əməkdar Artist Həsən Əblucun xatirəsi anılıb
Bakı, 21 aprel, Aynur İsmayılova, AZƏRTAC
Aprelin 21-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə bədii qiraət ustası, pedaqoq, Əməkdar Artist Həsən Əblucun 75 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları mərkəzin “Muzey” bölməsi ilə tanış olublar.
Sonra Həsən Əblucun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Xalq artistləri Ramiz Həsənoğlu, Yasin Qarayev, Əməkdar Artist Azad Şükürov, Əməkdar İncəsənət Xadimi Şəfəq Sultan və başqaları çıxış edərək H.Əblucun həyat və yaradıcılığından söhbət açaraq xatirələrini bölüşüblər.
Bildirilib ki, o, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı fənnindən dərs deyib. Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə sevdirib. Həsən Əbluc müxtəlif dövrlərdə bir çox teatr və televiziya tamaşalarının quruluşçu rejissoru kimi də böyük uğurlar qazanıb. Onun şeir oxumaq bacarığı hər kəsi heyran edirdi.
Vurğulanıb ki, onun həyatsevər və hazırcavab olması, işində özünü tamamilə əsərlərə həsr etməsi nəticəsində, obrazları qeyri-adi dərəcədə dəqiq dinləyiciyə çatdırırdı.
Tədbirdə “Pəncərə” filimindən fraqmentlər və Həsən Əblucun ifasında lentə alınmış Rəsul Rzanın “Unutmayın” şeiri səsləndirilib.
Sonra Azərbaycanın xalq mahnıları ifa olunub.