MƏDƏNİYYƏT
Əməkdar Artist Məcnun Hacıbəyovun 80 illik yubileyi qeyd edilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Teatr Xadimləri İttifaqı (ATXİ) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə Əməkdar Artist Məcnun Hacıbəyovun 80 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirini Xalq Artisti Hacı İsmayılov açaraq sənətkarı təbrik edib, onun yaradıcılığı, yaratdığı bənzərsiz obrazlar qalereyası haqqında danışıb. Bildirib ki, ömrünün 50 ilini səhnəyə həsr edən Məcnun Hacıbəyov Milli Dram Teatrında, televiziya tamaşalarında oynadığı xarakterik, tipik obrazları ilə yadda qalıb.
Sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov yubileyi münasibətilə sənətkarı təbrik edərək, nazirliyin fəxri fərmanını təqdim edib.
AXTİ-nin sədri, Xalq Artisti Azərpaşa Nemətov istedadlı aktyorun obrazları, yumorlu ifadələri barədə söhbət açıb. Onu rəhbərlik etdiyi qurum tərəfindən təsis olunan "Sənətkar" medalı ilə təltif edib.
Tədbirdə müxtəlif teatrların əməkdaşları Məcnun Hacıbəyovla bağlı maraqlı hadisələrdən söhbət açıb, təmsil etdikləri mədəniyyət ocaqları adından yubilyarı təbrik ediblər.
Aktyorun ailəsi adından Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edib.
Yubiley mərasimində sənətkarın oynadığı "Yarımştat", "Göz həkimi", "Atayevlər ailəsi", "Qatarda" və digər televiziya tamaşalarından fraqmentlər nümayiş olunub.
Sonda çıxış edən yubilyar sənəti haqqında sonsuz məhəbbətlə danışaraq tədbirin təşkilatçılarına minnətdarlıq edib.
Qeyd edək ki, Məcnun Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonunun ikinci Nügədi kəndində anadan olub. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Yeni evlənənlər", "Gənclik macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat", "Sabiqlər", "Şirin bülbül", "Sarıköynəklə Valehin nağılı" və digər filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
İyirmidən çox filmdə rol alan aktyor hazırda doğulduğu rayonda yaşayır.