MƏDƏNİYYƏT


Əməkdar Artist Salman Qəmbərov iki ölkədə konsert proqramı ilə çıxış edib

Bakı, 8 iyun, Ceyhun Alışlı, AZƏRTAC

Tanınmış caz ifaçısı, Əməkdar Artist Salman Qəmbərov Almaniyanın Köln və Darmştadt şəhərlərində təşkil edilən “Jazz meets world” adlı konsertdə çıxış edib. Belə ki, “Eorasiyans Unity” ansamblının tərkibində çıxış edən S.Qəmbərov milli musiqilərimizlə yanaşı, dünya bəstəkarlarının əsərlərini də səsləndirib.

Bu barədə AZƏRTAC-a məlumat verən Əməkdar Artist deyib: “Konsertdə İran, Polşa, Almaniya, Özbəkistan və Bolqarıstandan olmaqla 7 nəfər musiqiçi iştirak edib. Ölkəmizi isə iki gün davam edən konsertdə mən təmsil edirdim. Konsertimizə böyük maraq var idi, çıxışımız tamaşaçı alqışları ilə qarşılandı. Bundan sonra konsertdə səslənən ifaları diskə köçürmək üçün 5 gün Berlinin “RBB” radiostansiyasının səsyazma studiyasında olduq. Yaxın vaxtlarda diskimiz tam hazır olacaq”.

Əməkdar Artist əlavə edib ki, Almaniyanın məşhur saksofon ifaçısı Coroline Thonun təşəbbüsü ilə baş tutan konsertdə özbək müğənnisi Feruza Okilova tərəfindən görkəmli bəstəkarımız Fikrət Əmirovun “Göygöl” mahnısı da ifa edilib.

Bundan başqa Respublika Günü münasibətilə Belçikanın paytaxtı Brüsseldə konsert verən S.Qəmbərov təəssüratlarını bölüşüb: “Ölkəmizin Belçikadakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşən konsert Brüsselin məşhur “BOZAR” konsert salonunda baş tutdu. Bu konsertdə məni rəhbəri olduğum “Bakustic Jazz” ansamblı müşayiət etdi. Ansamblın tərkibində mənimlə yanaşı, Emil Həsənov (bas gitara) və Vaqif Əliyev (zərb alətləri) də çıxış edib. Birgünlük konsert proqramımız da maraqla qarşılandı, tamaşaçıların zövqünü oxşadı”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.