MƏDƏNİYYƏT


Əməkdar Jurnalist Elmira Əliyevanın yeni kitabının təqdimatı keçirilib

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Miniatür Kitab Muzeyində Əməkdar Jurnalist Elmira Əliyevanın “Özüm haqda və zaman barədə” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova çıxış edərək muzeydə təşkil edilən bu təqdimatın xüsusi önəm daşıdığını bildirib. Vurğulayıb ki, təqdimatı keçirilən kitabın ideya müəllifi və tərtibçi-redaktoru Milli Məclisin deputatı, Əməkdar Jurnalist Elmira Axundovadır. Kitab nəfis tərtibatla “İndiqo” nəşriyyatında çapdan çıxıb.

Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, politoloq Fikrət Sadıqov, “Kaspi” qəzetinin baş redaktoru İlqar Hüseynov, yazıçı, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə, tanınmış jurnalist Qalina Mikeladze və başqaları Elmira Əliyevanın böyük yaradıcılıq yolundan söhbət açıblar.

Milli Məclisin deputatı, Əməkdar Jurnalist Elmira Axundova qeyd edib ki, E.Əliyeva böyük həyat yolu keçib, maraqlı insanlarla görüşüb, ən nüfuzlu qəzetdə işləyib. Bu cür insanları qorumaq, təbliğ etmək və gələcək nəsillərə tanıtmaq lazımdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, Elmira Əliyevanın nəinki jurnalist peşəkarlığı, eləcə də insani keyfiyyətləri gənc nəslə örnəkdir. O, həm də qayğıkeş ana, ailə başçısıdır, gözəl nəvələri var.

“İnkişaf və Dünya” İctimai Birliyinin sədri Namazəli Mustafayev Elmira Əliyevanın Azərbaycan jurnalistika sənətinə töhfələrini vurğulayıb. Qeyd edib ki, kitabda Azərbaycanın nüfuzlu jurnalistlərinin Elmira Əliyeva haqqında fikirləri də diqqətəlayiqdir.

Xalq Artisti Xuraman Qasımova Elmira Əliyevanın hər zaman tükənməz enerji ilə yazıb-yaratmasından söhbət açıb. Diqqətə çatdırıb ki, yaşadığı dövrün tanınmış simalarının təbliğində Elmira Əliyevanın peşəkar jurnalist kimi böyük xidmətləri olub.

Diqqətə çatdırılıb ki, nəşrin müəllifi kitabına epiqraf kimi Şekspirin “ötən günlərin sədası” sonetindən bir hissə seçib. Kitabın “Geniş formatlı avtobioqrafiya” adlanan birinci hissəsinin əsasını ötən günlər haqda xatirələr təşkil edir. Elmira Əliyeva özünün uşaqlıq dövrü, valideynləri – cəbhədə həlak olmuş atası İsmayıl Əliyev, ağır müharibə illərində üç uşağı boya-başa çatdırmış cəfakeş anası Bikə xanım barədə söhbət açır. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığı illər, bu gün də dostluq münasibətləri saxladığı tələbə yoldaşları, SSRİ-nin və respublikamızın aparıcı nəşrlərində işlədiyi dövr, oçerklərinin qəhrəmanları barədə xatirələr – bütün bunlar barədə müəllifin səmimi söhbətləri oxucuların təsəvvüründə o illərin ab-havasını canlandırır. Kitabda təqdim edilən fotoşəkillər oxucunu keçmiş illərə, müxtəlif ölkələrə aparır, maraqlı şəxsiyyətlərlə tanış edir.

Elmira Əliyeva kitabında ailəsinə - ömür-gün yoldaşı, eyni zamanda, onun üçün sədaqətli dost olan və bütün təşəbbüslərini dəstəkləyən Arif Sadıxova, qızına, nəvə- nəticələrinə də yer ayırıb.

Bildirilib ki, kitabın ikinci hissəsində müəllifin dostları və həmkarları onunla bağlı fikirlərini bölüşürlər. Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC–ın Baş direktoru Aslan Aslanov Elmira Əliyevanı səmimi sözlərlə səciyyələndirib: “Elmira xanım doğma ölkəmizin tarixində öz fədakar əməyi ilə böyük iz qoymuş, bütün həyatını öz xalqına xidmət işinə həsr etmiş insanlar barədə söhbət açmaqla əslində ölkəmizin salnaməsini yazır...”.

Natiqlər vurğulayıb ki, illər Elmira Əliyevanın yaradıcılıq şövqünü azaltmayıb. O, yenə əvvəlki kimi gümrahdır, yaradıcılıq ideyaları, jurnalist ilhamı bitib-tükənmir. Oçerkləri populyar “Kaspi” qəzetinin və digər nəşrlərin səhifələrində mütəmadi dərc olunur. Onun belə cavan qalmasının səbəblərindən biri də peşəsinə sadiqliyidir.

Çıxışlarda Əməkdar Jurnalist Elmira xanıma uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq sevincləri arzulanıb.

Sonda Elmira Əliyeva iştirakçılara və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.