CƏMİYYƏT


Əməkdar Jurnalist Qalina Mikeladzenin “Qadının missiyası” kitabının təqdimatı keçirilib

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Əməkdar Jurnalist Qalina Mikeladzenin “Qadının missiyası” kitabının təqdimatı keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib ki, “Adiloğlu” nəşriyyatında Azərbaycanın Əməkdar Jurnalisti, Zərdabi mükafatı laureatı, “Şöhrət” ordeni ilə təltif edilmiş Qalina Mikeladzenin məqalələrindən ibarət “Qadının missiyası” adlı yeni toplu nəşr olunub.

H.Hüseynova bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan kitaba fərqli peşə sahibləri olmuş görkəmli qadınlar haqqında müxtəlif illərdə yazılmış materiallar daxil edilib. Komitə sədri vurğulayıb ki, bu, ilk belə kitab deyil. Bu toplular mədəniyyət və incəsənət xadimlərinin xidmətlərinin işıqlandırılmasına dair Q.Mikeladzenin böyük jurnalist fəaliyyətinin, bir növ ümumiləşdirilməsidir. Lakin “Qadının missiyası” kitabında əhatə dairəsi böyükdür.

Kitabın məziyyətlərindən söz açan Milli Məclisin deputatı, Əməkdar Jurnalist Elmira Axundova çıxış edərək deyib: “Həm dövlət, həm də ailə arxivlərində haqqında zərrə-zərrə məlumatlar toplanan adamlar barədə Qalina Mikeladze elə səmimi yazır ki, sanki qəhrəmanlarının çoxu ilə şəxsən söhbət edib”.

Təqdimatda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova və başqaları da çıxış ediblər. Çıxışlarda Əməkdar Jurnalistin böyük yaradıcılıq yolundan söz açılıb.

“Qadının missiyası” kitabı “Repressiya və müharibə qurbanlarına ithaf” bölməsi ilə açılır. Bu bölmədə Q.Mikeladzenin anası da daxil olmaqla, müharibə illərinin çətin sınaqları və Stalin repressiyalarından keçmiş insanlar haqqında məqalələr toplanıb.

“Onlar ilk idi” bölməsində müəllifin tarixi məlumatlar və arxiv sənədləri əsasında yazdığı tədqiqat xarakterli yazılar yer alıb. Məqalələrdə balerina Qəmər Almaszadə, müğənni Şövkət Məmmədova, təyyarəçi Leyla Məmmədbəyova və digər qəhrəmanların həyatı barədə maraqlı faktlar var.

Topluda ən böyük bölmə “Dövlət və ictimai xadimlər” adlanır. Bu bölmə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva barədə materialla başlayır.

Təqdimatın sonunda xalq artistləri Xuraman və Fidan Qasımovaların ifasında musiqi əsərləri səslənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.