İQTİSADİYYAT
“Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüş “Azərsu”nun əməkdaşlarına mükafatlar təqdim olunub
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2015-ci il tarixli sərəncamları ilə “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.
ASC-nin mətbuat xidmətindən AZƏTAC-a bildiriblər ki, təltif olunan əməkdaşları təbrik edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov əvvəlcə ölkəmizdə keçirilmiş “Bakı-2015” birinci Avropa Oyunlarına toxunub: “Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə adını dünyanın idman tarixinə qızıl hərflərlə yazdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Oyunlara hazırlıq işləri cəmi iki il yarıma başa çatdırıldı və yarışların davam etdiyi 17 gün unudulmaz anlar kimi uzun müddət yaddaşlarda qalacaq. İdman mütəxəssisləri Avropa Oyunlarının Olimpiya oyunları səviyyəsində keçdiyini söyləyir və Azərbaycan bununla yeni idman standartlarına imza atmış oldu. Açılış və bağlanış mərasimlərinin milli üslubda ən yüksək səviyyədə hazırlanması və təqdimatı isə xüsusi qeyd olunmalıdır. Bu idman bayramını Azərbaycan xalqına yaşatdığına görə möhtərəm Prezidentə “Azərsu” ASC-nin kollektivi adından dərin minnətdarlığımı bildirirəm. Oyunlara hazırlıq çərçivəsində “Azərsu” ASC tərəfindən də xeyli iş görülüb, yeni magistral və şəbəkə su xətləri, kanalizasiya kollektorları və nasos stansiyaları tikilib, yarışların davam etdiyi günlərdə idman qurğularının, olimpiya kəndinin, otellərin və digər obyektlərin dayanıqlı və keyfiyyətli içməli su təchizatının aparılması üçün mühüm işlər görülüb”,- deyə bildirib.
Azərsu” ASC sədri bildirib ki, 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Prezident sərəncamları ilə Cəmiyyətin 2 əməkdaşının “Əməkdar mühəndis” fəxri adı, 12 əməkdaşının isə “Tərəqqi” medalı ilə təltif olunması kollektivin əməyinə verilən ən böyük qiymətdir: “Kollektivimiz möhtərəm Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün bundan sonra daha əzmlə çalışacaq və yeni-yeni uğurlara imza atacaq”,- deyə Q. Hüseynov sözlərinə əlavə edib.
Sonra “Əməkdar mühəndis” fəxri adına layiq görülən və “Tərəqqi” medalı ilə təltif olunan, həmçinin “Azərsu” ASC-nin Fəxri Fərmanı ilə mükafatlandırılan əməkdaşlar təltif edilib.
“Əməkdar mühəndis” fəxri adına layiq görülən “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov və “Tərəqqi” medalı ilə təltif olunan “Şəki Sukanal” TSC-nin direktoru Bayram Məmmədov su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, Heydər Əliyev ideyalarının inkişafı naminə bundan sonra da səylə çalışacaqlarını bildiriblər