İQTİSADİYYAT
Əməliyyatın həcmi 200 min manatdan çox olduqda ƏDV üçün qeydiyyat zəruridir
Bakı, 2 may, Ramiz Quliyev, AZƏRTAC
Sadələşdirilmiş vergiödəyicisi hansı məbləğdən sonra ƏDV ödəyicisi kimi qeydiyyata dayanmalıdır?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın bu sualına cavab olaraq bildirilib ki, əqd ya müqavilə üzrə əməliyyatın ümumi məbləği 200 min manatdan çox olduqda, o, ƏDV tutulan əməliyyat sayılır.
Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan şəxslər (Vergi Məcəlləsinin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidirlər.
Bununla yanaşı, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.