CƏMİYYƏT
Amerika alimləri: mavi rəngli gözlər alkoqolizmə meyil oyadan amildir
Bakı, 3 iyul, AZƏRTAC
Alkoqolizm bir neçə səbəbdən yaranır. Burada həm genetik meyillilik, həm sosial amillər, həm də insanın tərbiyəsi və həyat tərzi rol oynayır. Həzm yolunun ferment sistemi də güclü təsir göstərir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın Vermont Universitetinin alimləri içki düşkünü olan 1263 nəfərin üzərində eksperiment aparıblar. Məlum olub ki, gözlərinin rəngi açıq olan insanlar başqaları ilə müqayisədə alkoqoldan daha çox əziyyət çəkirlər. Gözlərin yaşıl və qonur rəngdə olması alkoqolizm riskinə təsir etməyib.
Bu asılılığın nə ilə bağlı olduğunu demək hələlik çox çətindir. Məsələn, Şimal və Asiya ölkələri sakinlərinin çoxu alkoqola qarşı davamsızdır. Az miqdarda spirtli içki onlarda qusma, qarabasma, baş ağrıları kimi güclü əlavə təsirlər oyadır.