CƏMİYYƏT
Amerika alimlərinin fikrincə, aspirin döş xərçənginin inkişafına mane olur
Bakı, 29 iyun, AZƏRTAC
Aspirin iltihab əleyhinə dərman vasitələri qrupuna aid edilir və ondan xəstənin yüksək temperaturu zamanı istifadə olunur. Bununla yanaşı, aspirin döş xərçənginin inkişafını ləngidir və şişin metastaz verməsinin qarşısını alır. Bu, aspirinin xərçəng hüceyrələrinə zərərli təsiri ilə bağlıdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, aspirinin bu təsirini Amerika alimləri sübut ediblər. Mütəxəssislərin fikrincə, dərman xərçəng hüceyrələrini "yuxu rejimi"nə keçirir. Həkimlər yaşı 40-dan yuxarı insanlara qanda tromb yaranmasına qarşı profilaktik vasitə kimi dörddə bir həb aspirin içməyi məsləhət görürlər.
Lakin tədqiqatçılar vurğulayırlar ki, aspirin heç də ənənəvi müalicə üsulları, o cümlədən kimyəvi terapiya, şüa terapiyası və cərrahi əməliyyat kimi xərçəngə qarşı eyni səviyyədə mübarizə aparmaq iqtidarında deyil. Həmçinin aspirin qəbulu xəstədə digər ağırlaşmalar, məsələn ürəyin və mədənin fəaliyyətində problem yarada bilər. Odur ki, onkoloji xəstəlik zamanı bu dərmanı qəbul etmək barədə həkimlə məsləhətləşmək lazımdır.