CƏMİYYƏT
Amerika genetikləri cırtdanlıq fenomeninin səbəbini müəyyən ediblər
Bakı, 5 mart, AZƏRTAC
ABŞ ekspertləri müəyyən ediblər ki, cırtdanlığın nadir növünün əmələ gəlməsinin əsas səbəbi olan XRCC4 geninin mutasiyası hələ ana bətnində inkişaf edir. AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Тhe American Journal of Human Genetics” nəşrində dərc olunub.
Alimlər bu məlumatı əldə etmək üçün 200 cırtdanboylu adam üzərində DNT analizi aparıblar. Müəyyən olunub ki, XRCC4 geninin qüsurlu olması dölün ana bətnində inkişafı mərhələsində cırtdanlığın əmələ gəlməsinin əsas səbəblərindən biridir.
Belə uşaqlar anadan olanda onların başı bədənlərinə görə balaca olur. Yeni doğulan körpənin başının çevrəsi, əslində, döş qəfəsinin çevrəsindən böyük olmalıdır. Bu cəhətdən “adi cırtdanlar” tam normal doğulur, bütün dəyişikliklər isə sonradan baş verir.
Belə adamlarda cırtdanlıq ilə bərabər, onkoloji xəstəliklər riski də artır. İlkin inkişaf mərhələsində uşağın böyüməsi ilə bağlı bütün prosesləri ətraflı öyrənmək üçün əlavə tədqiqatlar aparılmalıdır.