DÜNYA
Amerika konvoyunun Mərkəzi Avropa ölkələrində yürüşündə hələlik heç bir insident qeydə alınmayıb
Praqa, 1 aprel, AZƏRTAC
Amerika hərbi konvoyunun Şərqi Avropa ölkələrində yürüşü barədə proqnozlar doğrulmur. Baltikyanı bölgədə təlimlərdən sonra Almaniyadakı bazalara qayıdan konvoyun komandanlığının 15 nümayəndəsi Plzen şəhərinə gəlib. Bu şəhərin 1000-dən çox sakini konvoy komandanlığını salamlayıb. Amerikalı zabitlər və yerli siyasətçilər İkinci Dünya müharibəsi dövründə Çexoslovakiyanın azad edilməsi zamanı həlak olmuş amerikalı və belçikalı əsgərlərin xatirəsinə həsr edilmiş “Sağ ol, Amerika!” abidəsi önünə əklillər qoyublar.
Plzen şəhərinin meri Martin Zrzavetski deyib: “Konvoyun buradan keçməsi Çexiya vətəndaşlarının Amerika ordusuna münasibətini və NATO qüvvələrini dəstəklədiklərini açıq-aşkar nümayiş etdirdi”. Şəhər meydanında Amerika konvoyuna qarşı etiraz tədbiri keçirən fəalların sayı isə cəmi 13 nəfər olub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa