SİYASƏT
Nyu-Meksiko ştatının qubernatoru: Biz Azərbaycanı bundan sonra da dəstəkləyəcəyik
Vaşinqton, 16 mart, AZƏRTAC
Nyu-Meksiko ştatının qubernatoru xanım Suzana Martinez Azərbaycan nümayəndələri ilə görüşüb.
Görüşdə qubernatora Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı açıqlamasına görə təşəkkür edilib. Bu kimi faciələrin təkrarlanmaması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, eləcə də münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər əsasında həllinə yönəlmiş səylərin artırılmasının zəruriliyi vurğulanıb.
Görüşdə Azərbaycan ilə Nyu-Meksiko ştatı arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov bu əlaqələrin daha da inkişaf etdirilməsinin və tərəflər arasında əməkdaşlıq imkanlarının öyrənilməsinin vacibliyini bildirib. O, eyni zamanda, Azərbaycanın müasir inkişafı, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə, həmçinin ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq əhəmiyyətli tədbirlər barədə məlumat verib.
Qubernator Martinez öz növbəsində Azərbaycanın ABŞ üçün önəmini və ölkəmizin yaxın müttəfiq olduğunu vurğulayaraq Nyu-Meksiko ştatının Azərbaycanı bundan sonra da dəstəkləyəcəyini deyib. O, Nyu-Meksiko ştatının ölkəmizlə əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu deyərək, xüsusilə iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılmasının önəmini qeyd edib.
S.Martinez Nyu-Meksiko tarixində seçilmiş ilk qadın qubernator, ABŞ tarixində isə ilk ispandilli qadın qubernator kimi tanınır.
Həmin gün Azərbaycan nümayəndələri Nyu-Meksiko ştatı Senatının plenar iclası zamanı Senat üzvləri tərəfindən rəsmi olaraq salamlanıb. Nyu-Meksiko Senatı tərəfindən bu il qəbul edilmiş, ölkəmizdə qədim tolerantlıq ənənələrini yüksək qiymətləndirən qətnamənin surəti Azərbaycan tərəfinə təqdim edilib.
Senatın sədr müavini Meri Key Papen və bir sıra digər senatorlarla görüşlər zamanı Azərbaycanın ABŞ üçün əhəmiyyəti, ölkəmizdə müstəqillik bərpa olunduqdan sonra, xüsusilə son iyirmi ildə bütün sahələrdə əldə edilmiş nailiyyətlər, həmçinin Nyu-Meksiko ilə Azərbaycan arasında mövcud münasibətlər müzakirə edilib. Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasəti barədə həqiqətlər senatorların diqqətinə çatdırılıb.
Nyu-Meksiko Nümayəndələr Palatasının spikeri Don Tripplə görüşdə Azərbaycan diplomatı ona Azərbaycan Dostları Assambleyasının (AFAZ) təşkilatçılığı ilə ABŞ-ın bir sıra ştatları ilə yanaşı, Nyu-Meksikoda da Xocalı qətliamının anılması ilə əlaqədar keçirilmiş tədbirdə iştirakına görə təşəkkürünü bildirib.
Nyu-Meksiko Senatı və Nümayəndələr Palatasının üzvləri ilə görüşlərdə isə son illər bu ştatın qanunverici qurumları tərəfindən Azərbaycanla bağlı, o cümlədən Xocalı soyqırımının tanınması, Dağlıq Qarabağ münaqişəsinin həlli və ölkəmizdə tolerantlığın səviyyəsinin nümunəvi olması barədə qəbul olunmuş qətnamələrin, eləcə də Azərbaycan icması və Azərbaycanın ABŞ-dakı səfirliyi, Los-Ancelesdəki baş konsulluğu ilə həyata keçirilən əməkdaşlığın yüksək qiymətləndirildiyi bildirilib.
Qeyd edək ki, 2010-cu ildən Nyu-Meksiko ştatının paytaxtı Santa Fe şəhərində ABŞ-da Azərbaycanın yeganə fəxri konsulu Art MakHafi fəaliyyət göstərir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton